...

Qanun pozuntuları aşkarlanacaq seçki məntəqələrinin nəticələri ləğv olunacaq

Siyasət Materials 14 May 2006 15:19 (UTC +04:00)

Təkrar parlament seçkilərinin keçirildiyi dairələr üzrə qanun pozuntuları aşkarlanan məntəqələrin nəticələri MSK tərəfindən ləğv ediləcək. Bu barədə Trend ə MSK-nın mətbuat və informasiya xidmətinin rəhbəri Azər Sarıyev məlumat verib. O, bildirib ki, Seçki Məcəlləsinin tələblərinə görə, MSK 20- gün ərzində seçki ilə bağlı bütün şikayət və müraciətləri araşdıracaq, müşahidəçilərin rəylərini öyrənəcək və təkrar səsvermənin yekun rəqəmlərini təsdiq edəcək. Sonra nəticələr Konstitutsiya Məhkəməsinə göndəriləcək və yekun nəticələr bu məhkəmə tərəfindən təsdiqlənəcək.

A.Sarıyevin sözlərinə görə, əgər hansısa seçki məntəqəsində pozuntular aşkarlansa və bunlar təsdiqini tapsa, həmin məntəqənin nəticəsi ləğv olunacaq. Nəticələri ləğv olunmuş məntəqələrin sayı həmin dairə üzrə bütün məntəqələrin ümumi sayının beşdə ikisi qədər olarsa, həmçinin pozuntular olan bu məntəqələrdə seçicilərin sayı həmin dairə üzrə bütün seçicilərin sayının dörddə biri qədər olarsa, bütövlükdə o dairənin nəticəsi ləğv ediləcək. Dairənin nəticəsi ləğv edilərkən hər iki şərt mütləq gözlənilməlidir, əgər yalnız biri qeydə alınırsa, dairənin nəticəsi saxlanılır.

A.Sarıyev onu da deyib ki, təkrar parlament seçkiləri ilə bağlı mayın 14-də MSK-ya şikayətlər daxil olmayıb. Onun sözlərinə görə, bu, seçkidə ciddi pozuntuların baş vermədiyini və seçkilərin ümumilikdə yaxşı keçirildiyini göstərir.

Xəbər lenti

Xəbər lenti