...

Elçin Şıxlinski: "Jurnalistlər Birliyi jurnalistlərin peşə səviyyəsinin artırılmasına çalışacaq"

Siyasət Materials 19 May 2006 15:02 (UTC +04:00)
Elçin Şıxlinski: "Jurnalistlər Birliyi jurnalistlərin peşə səviyyəsinin artırılmasına çalışacaq"

Yaxın günlərdə Azərbaycan Jurnalistlər Birliyi Məclisinin toplantısı çağırılacaq və orada qurumun yeni sədri Elçin Şıxlinski özünün fəaliyyət planları barədə məlumat verəcək. Bu barədə Trend ə "Ayna-Zerkalo" qəzetlərinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlinski özü açıqlama verib.

O bildirib ki, Jurnalistlər Birliyinin sədri kimi özünün fəaliyyət istiqamətlərinə, atacağı addımlara dair planları var. Elçin Şıxlinskinin sözlərinə görə, bu məsələlər, o cümlədən Jurnalistlər Birliyinin qarşısında duran vəzifələr, jurnalistika sahəsinin problemləri Məclisin toplantısında müzakirə olunacaq və bunun əsasında iş planı tutulacaq.

"Azərbaycan jurnalistikasının problemlərinin öhdəsindən təkbaşına nə mən, nə də Jurnalistlər Birliyi gələ bilər. Sadəcə, biz Jurnalistlər Birliyi olaraq işimizi bir qədər də fəallaşdırıb peşə problemləri ilə bağlı məsələləri qaldıracaq, cəmiyyətin nəzərinə çatdıracaq və jurnalistlərin peşə səviyyəsinin artmasına çalışacağıq. Biz jurnalistikaya ancaq peşəkarların gəlməsinə səy göstərməliyik. Bu peşəni sevən, hörmət edən və ondan başqa məqsədlər üçün istifadə etməyən, yüksəlmək üçün tramplin kimi görməyən insanların jurnalistika sahəsində çalışmasına nail olmalıyıq. Həm də belə peşəkar jurnalistlər cəmiyyətdəki proseslərə kifayət qədər təsir edə biləcək qüvvəyə çevrilməlidirlər"-deyə E.Şıxlinski vurğulayıb.

O, həmçinin qeyd edib ki, dövlətin də diqqətini Azərbaycan jurnalistikasının problemlərinə yönəltmək lazımdır. Çünki dövlətin diqqəti, marağı olmasa nəyisə həll etmək, problemləri yoluna qoymaq mümkün olmayacaq.

Qeyd edək ki, mayın 18-də Azərbaycan Jurnalistlər Birliyi Məclisinin toplantısında Hacı Hacıyev sədr vəzifəsindən istefa verib və öz yerinə Elçin Şıxlinskinin seçilməsini təklif edib. Məclis üzvləri E.Şıxlinskini Birliyə sədr seçiblər.

Xəbər lenti

Xəbər lenti