...

Azərbaycanla Avstriyanın xüsusi xidmət orqanları arasında əməkdaşlıq gücləndirilir

Siyasət Materials 23 May 2006 16:26 (UTC +04:00)

Azərbaycanla Avstriyanın xüsusi xidmət orqanları arasında əməkdaşlıq gücləndirilir. Trend in xəbərinə görə, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin (MTN) ictimai əlaqələr mərkəzindən bildirilib ki, Azərbaycanın milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov Avstriya Respublikasına dördgünlük səfərdə olub.

Nazirin səfəri həmin ölkənin federal daxili işlər naziri xanım Liza Prokoplanın dəvəti ilə baş tutub və hər iki ölkənin hüquq-mühafizə, o cümlədən xüsusi xidmət orqanları arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədi daşıyıb. Səfər çərçivəsində E.Mahmudov Avstriyanın federal daxili işlər naziri xanım Liza Prokopla, o cümlədən Dövlətin Qorunması və Terrorçuluğa qarşı Mübarizə üzrə Federal Agentliyinin, Xarici Strateji Kəşfiyyat Xidmətinin və Sərhəd Xidmətinin rəhbərləri ilə görüşüb.

İşgüzar şəraitdə keçən bu görüşlərdə hər iki ölkə üçün əhəmiyyət kəsb edən bir sıra mühüm məsələlər, o cümlədən beynəlxalq terrorçuluqla mübarizə sahəsində birgə səylərin gələcək inkişafı müzakirə edilib.

E.Mahmudovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti tanışlıq məqsədilə Avstriya dövlətinin "KOBRA" xüsusi təyinatlı dəstəsinin, onun anti-terror qrupunun federal mərkəzində və təlim hissəsində olub. Tanışlıq zamanı nümayəndə heyəti üçün bu strukturun fəaliyyəti barədə təqdimat keçirilib.

Nazir səfər çərçivəsində Vyana şəhərində də olub və BMT katibinin müavini, Narkotiklər və Cinayətkarlıq üzrə Ofisinin icraçı direktoru Antonio Maria Kosta ilə də görüşüb.

Görüşdə beynəlxalq cinayətkarlığa qarşı mübarizə məsələləri müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti