...

Azərbaycan prezidenti Müstəqillik günü münasibətilə Corc Buşu təbrik edib

Siyasət Materials 3 İyul 2006 17:12 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, iyulun 3-də Azərbaycan prezidenti İlham Əliyev Müstəqillik gününün növbəti ildönümü münasibətilə ABŞ prezidenti Corc Buşa təbrik məktubu göndərib.

Məktubda deyilir: "Bu gün bütün dünya miqyasında sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün ABŞ-ın göstərdiyi səylər böyük razılıq hissi doğurur. Qlobal təhlükələrə və çağırışlara qarşı beynəlxalq birliyin mübarizəsində ABŞ-ın aparıcı rolu və qətiyyətli mövqeyi hər cəhətdən təqdirəlayiqdir.

Strateji tərəfdaş olan ölkələrimizin xüsusən beynəlxalq terrorçuluğa qarşı mübarizə, enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində yaxından əməkdaşlığı uğurla davam etməkdədir. Xəzər dənizinin Azərbaycan sektorunda neft və qaz yataqlarının işlənilməsində, həmçinin, transmilli nəqliyyat infrastrukturunun yaradılmasında ABŞ-ın dəstəyi Azərbaycan üçün çox vacibdir. Biz cəmiyyətimizin demokratikləşdirilməsi proseslərinə ABŞ-ın maraq və yardımını yüksək qiymətləndiririk.

Xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması sahəsində ATƏT-in Minsk Qrupunun həmsədri kimi ABŞ-ın ardıcıl səyləri Vaşinqtonun xoş məramını bariz şəkildə ifadə edir. Biz bu səylər nəticəsində nizamasalma prosesi çərçivəsində tezliklə irəliləyişlər əldə ediləcəyinə böyük ümidlər bəsləyirik".

Xəbər lenti

Xəbər lenti