...

Azərfon Azərbaycan paytaxtında və bölgələrdə baza stansiyaları quraşdırır

Siyasət Materials 11 Avqust 2006 13:41 (UTC +04:00)
Azərfon Azərbaycan paytaxtında və bölgələrdə baza stansiyaları quraşdırır

Son vaxtlar yeni mobil operatoru Azərfon öz işini aktivləşdirib. Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədovun Trend ə verdiyi xəbərə görə, operator hazırda respublika üzrə baza stansiyalarının quraşdırılması üzrə iş görür.

Nazir müavininin sözlərinə görə, işlər paralel olaraq həm paytaxtda, həm bölgələrdə, o cümlədən Naxçıvan Muxtar Respublikasının ərazisində görülür.

"Bu günlərdə nazirlikdə Azərfon nümayəndələri ilə görüş keçirilib. Nümayəndələr plana əsasən həyata keçirilən son tədbirlər haqqında bizə məlumat verib", - deyə İ.Məmmədov vurğulayıb.

Nazir müavini hesab edir ki, operator ilk abunəçilərini 2006-cı ilin sonunadək qəbul edəcək.

Azərfon birgə müəssisəsinə (BM) mobil rabitə xidmətlərinin göstərilməsi üçün lisenziya Rabitə Nazirliyinin 2005-ci il dekabrın 28-də keçirilmiş kollegiyasının qərarı ilə verilib. Şirkətin təsisçiləri Aztelekom İstehsalat birliyi (10%), Almaniyanın Siemens şirkəti (30%) və iki Britaniya şirkətidir (60%).

Operatorun qarşısına qoyulmuş əsas tələb 2 il ərzində Azərbaycan ərazisinin 85%-ni mobil rabitə ilə təmin etməkdən ibarətdir. Bu dövr ərzində 300 mln. ABŞ dolları həcmində sərmayə qoyuluşu nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti