...

Oktyabr ayında Çin parlamentinin başçısı Bakıya gələcək

Siyasət Materials 15 Avqust 2006 13:03 (UTC +04:00)

Oktyabr ayında ÇXR-in Ümumçin xalq nümayəndələri yığıncağının Daimi komitəsinin sədri U Vanqonun Azərbaycana səfər edəcəyi gözlənilir. Bu barədə Trend ə Azərbaycanın Çindəki səfiri Yaşar Əliyev bildirib.

O qeyd edib ki, son yarım il ərzində Azərbaycan və Çin arasındakı əmtəə dövriyyəsi 167 mln. dollar təşkil edib. Azərbaycandan Çinə məhsul ixracı 27% artıb.

Çinin Qars-Axalkalaki dəmir yolu layihəsində iştirakında maraqlı olması məsələsinə gəlincə, Y.Əliyev qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyev dünən Azərbaycanın xarici ölkələrdəki səfirlərinin iclasında bu mövzuya xüsusi olaraq toxunub.

Səfir qeyd edib ki, Çin bu layihəni diqqətlə izləyir. Azərbaycan, Gürcüstan, Türkiyə və Qazaxıstanın nəqliyyat nazirlərinin Astanadakı sonuncu görüşündə həmçinin Çinin nəqliyyat nazirinin müavini də iştirak edib və o, öz ölkəsinin bu layihəyə xüsusi marağının olduğunu bildirib.

Y.Əliyev vurğulayıb ki, Azərbaycan Çinin bu layihəyə diqqətini cəlb edə bilərdi . "Bu layihənin mühümlüyünü Çin də anlayır. Biz ümid edirik ki, bu ilin oktyabr ayında Çin tərəfinin iştirakı ilə xüsusi konfrans keçiriləcək", - deyə o bildirib.

Səfir hesab edir ki, Çin Avropaya çıxacaq etibarlı dəmir yolunda maraqlıdır. Şimaldan keçən dəmir yolu Çini qane etmir. İlk növbədə, bu, təhlükəsizlik məsələləri ilə bağlıdır. Hazırda yerli, eləcə də beynəlxalq sığorta şirkətləri şimal yolundan aparılan məhsulları sığortalamaqdan imtina edirlər. Çin öz məhsulunu dənizdən aparmağa məcburdur. Və ona görə də bu, Çinin Qars-Axalkalaki layihəsinə marağını artırır.

Y.Əliyev əlavə edib ki , Qazaxıstan hazırda bu məsələyə xüsusi diqqət ayırır, bu yolun kəsişməsi üçün tikinti işləri görülür, marşrutu minlərlə kilometr qısaldan yeni yol tikilir. Bu gün Çin-Qazaxıstan dəmir yolu intensiv surətdə işləyir. Bu dəmir yolu Qars-Axalkalaki yolunun davamı olacaq.

Xəbər lenti

Xəbər lenti