...

AXCP MSK-ya etiraz məktubu ünvanlayıb

Siyasət Materials 1 Sentyabr 2006 14:50 (UTC +04:00)

Müxalifətyönlü Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sentyabrın 1-də Mərkəzi Seçki Komissiyasına (MSK) etiraz məktubu ünvanlayıb. Trend xəbər verir ki, bu barədə AXCP sədrinin təşkilati məsələlər üzrə müavini Həsən Kərimov jurnalistlərə bildirib.

Buna səbəb oktyabrın 6-da təkrar, əlavə və yeni bələdiyyə seçkilərində AXCP adından heç bir namizədlərin iştirak etməsi barədə məlumatlar yayılmasıdır. MSK elan edir ki, seçki prosesində iştirak etmək üçün 20-dən çox namizəd AXCP adından müraciət edib.

H.Kərimov qeyd edib ki, bələdiyyə seçkilərinə AXCP-dən heç bir namizəd qatılmayıb: "AXCP adından qatılan namizədlərin bizim partiyaya heç bir aidiyyatı yoxdur. Onlar AXCP-nin mərhum sədri Əbülfəz Elçibəyin imzaladığı partiya vəsiqələri ilə MSK-ya müraciət ediblər. Namizədlikləri qeydə alınanların əksəriyyəti Klassik Xalq Cəbhəsi Partiyası və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləridirlər. Yerdə qalanlar isə partiya sıralarından çoxdan kənarlaşdırılıblar".

H.Kərimov onu da əlavə edib ki, onlar məktubda MSK-ya üç gün vaxt veriblər ki, bu məsələni həll etsin: "Məsələ bizi qane edəcək formada həll olunmazsa, onda məhkəməyə müraciət edəcəyik". AXCP rəsmisi onu da vurğulayıb ki, onlar tərəfindən partiya üzvlərinə yeni vəsiqələr veriləcək.

Xatırladaq ki, Əli Kərimlinin sədri olduğu AXCP "Azadlıq" siyasi blokunun təsisçilərindəndir.

Xəbər lenti

Xəbər lenti