...

Dövlət Dəniz Administrasiyasının başçısı Qüdrət Qurbanov: Azərbaycan unikal donanmaya malikdir

Siyasət Materials 5 Oktyabr 2006 17:38 (UTC +04:00)
Dövlət Dəniz Administrasiyasının başçısı Qüdrət Qurbanov: Azərbaycan unikal donanmaya malikdir

Trend in Azərbaycanın Dövlət Dəniz Administrasiyasının başçısı Qüdrət Qurbanovla eksklüziv müsahibəsi

- Azərbaycanın Dövlət Dəniz Administrasiyasının funksiya və vəzifələri hansılardır?

- Sualınıza cavab verməzdən əvvəl mən ümummili lider Heydər Əliyevin Dövlət Dəniz Administrasiyasının, o cümlədən ümumilikdə ölkəmizin bütün dəniz nəqliyyatı kompleksinin yaradılması və təşəkkülündə müstəsna rolunun üzərində dayanmaq istərdim. Məhz gələcəyi görmək qabiliyyəti sayəsində Azərbaycan onun nəinki sovet dövründə Azərbaycanın başında olarkən təməlini qoyduğu mövqeləri qorumağa, həm də onları xeyli artırmağa nail olub. Bu isə respublikamızın dünyanın dəniz cəmiyyətində layiqli yer tutmasına səbəb olub. Belə ki, dəniz donanmasına malik digər keçmiş sovet respublikalarında, qorxmadan deyə bilərəm ki, donanmalar, hərfi mənada desək, israf edilib. Bizim ölkəmizdə isə dövlət iqtisadiyyatın strateji cəhətdən mühüm hissəsi üzərində nəzarəti saxlayıb. Hələ 1994-cü ilin may ayında Azərbaycan Respublikasının BMT-nin xüsusi agentliyi - Beynəlxalq Dəniz Təşkilatının (İMO) tərkibinə daxil olması haqqında qərar qəbul olunub. Hazırda 182 dövlət bu təşkilatın üzvüdür.

Bu illər ərzində Azərbaycan Respublikası Prezident Aparatı, Nazirlər Kabineti, Xarici İşlər Nazirliyi və digər mərkəzi icra hakimiyyəti orqanlarının ciddi dəstəyi ilə mütəxəssislərimiz respublikamızı Beynəlxalq Dəniz Təşkilatında təmsil etmək, həmçinin beynəlxalq standartların qanunvericilikdə və praktiki icrada həyata keçirmək üçün böyük işlər görüblər. Belə ki, parlamentimiz dənizdə insan həyatının, dənizçiliyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi ilə bağlı iyirmidən artıq beynəlxalq dəniz konvensiyasını təsdiq edib. Müasir tələblərə cavab verən Ticari Dənizçilik Məcəlləsi, onlarla digər normativ sənəd qəbul olunub. Azərbaycan höküməti Beynəlxalq Dəniz Təşkilatının tələb etdiyi hesabatları lazımi səviyyədə və vaxtında təqdim edir.

Beləliklə, demək olar ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 06 fevral 2006-cı il tarixli sərəncamı əsasını ümummilli liderimiz Heydər Əliyevin qoyduğu müdrik siyasətin məntiqi davamıdır.

Sizin sualınıza cavab olaraq demək istərdim ki, Dəniz Administrasiyasının başlıca vəzifələri Azərbaycanın dəniz siyasətinin həyata keçirilməsi, ölkənin təsdiq etdiyi beynəlxalq Konvensiyaların, qətnamələrin və Beynəlxalq Dəniz Təşkilatının digər qərarlarının yerinə yetirilməsi, həmçinin həmin konvensiyaların tələblərinin beynəlxalq və ölkədaxili səviyyədə icrası ilə bağlı məsələlərin nizama salınmasıdır.

Yuxarıda qeyd olunduğu kimi, Azərbaycan postsovet məkanında yeganə respublikadır ki, öz dövlət donanmasını qoruyub və genişləndirib. Nəqliyyat- ticarət və xüsusiləşdirilmiş donanma gəmilərinin coğrafiyası yalnız Xəzər dənizi ilə məhdudlaşmır. Azərbaycan Respublikası bayrağı altında üzən gəmilər öz fəaliyyətlərini Xəzərdən kənarda həyata keçirirlər. Bu, Qara, Aralıq, Baltik dənizləri, Atlantik və Hindistan okeanlarıdır. Ona görə də Dəniz Administrasiyasının çoxlu funksiyaları var, - hamısının adını çəkməyəcəyəm, bu, çox vaxt aparar. Başlıca funksiyaları söyləyəcəyəm, bunlar, hər şeydən əvvəl:

- beynəlxalq dəniz Konvensiyalarının tələblərinin gəmi sahibləri tərəfindən icrasına nəzarət;

- təsnifat cəmiyyətləri ilə birgə Azərbaycan Respublikasının Bayrağı altında üzən gəmilərə texniki nəzarətin həyata keçirilməsi, eləcə də beynəlxalq konvensiyaların tələblərinə əsasən həmin gəmilərə müvafiq şəhadətnamələrin verilməsi;

- gəmilərin Azərbaycanın tabeçiliyində olan sularda üzmə qaydalarına riayət etməsinə nəzarət;

- dənizdə qəza hallarının araşdırılması və təsnifatı;

- "Dənizçilərin hazırlığı və diplomlaşdırılması və növbə çəkmə haqqında" (STCW-78) Konvensiyanın tələblərinə müvafiq olaraq dənizçilərin diplomlaşdırılması və onlara müvafiq sertifikatların və əsasların verilməsi proseduru;

- SOLAS Konvensiyasının XI fəslinin (ISPS Code) tələblərinə uyğun olaraq təhlükəsizlik üzrə gəmilərin və liman qurğularının yoxlanılması və müvafiq sertifikatların verilməsidir.

Administrasiyanın başlıca funksiyalarından biri respublikanın Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti ilə birgə dənizdə mülki müdafiə və terrorla mübarizə üzrə tədbirlərin koordinasiyası və idarəsidir.

Dövlət Dəniz Administrasiyasının ştatı 32 nəfərdən ibarətdir. Bunlar təcrübəli və ixtisaslı kapitan və mexaniklərdir.

- Hazırda Sizin orqanın funksiyalarından irəli gələn hansı konkret işlər həyata keçirilib?

- Dəniz Administrasiyasının təsdiq olunduğu gündən 4 aydan çox vaxt keçib, lakin biz artıq çox işlər görmüşük.

Bizim tərəfimizdən dəniz nəqliyyatı sahəsində üç beynəlxalq Konvensiya hazırlanıb ölkə Parlamentinə təqdim olunub və onlar ilk oxunuşdan qəbul olunub. Bu, aşağıdakı Konvensiyalardır:

1. "Beynəlxalq gəmiçiliyin asanlaşdırılması haqqında";

2. "Dənizdə xilasetmə haqqında";

3. "Dənizçilərin şəxsiyyətinin təsdiq olunması haqqında".

Dənizdə terrorla mübarizə üzrə tədbirləri müəyyən edən əsas rəhbər sənəd olan "Gəmilərin və liman qurğularının mühafizəsi üzrə məcəllə"nin (ICPS Code) tələblərinə əsasən Dövlət Xəzər dəniz gəmiçiliyinin 34, "Xəzərdənizneftdonanma" İdarəsinin (ARDNŞ) 2, Geofizika və geologiya idarəsinin 4 və Swire Pacific şirkətinin bir gəmisi yoxlamadan keçib və təhlükəsizlik haqqında sertifikat alıblar. Bu sahədə işlər daim görülür.

Son 3 ay ərzində dəniz administrasiyasının müfəttişləri tərəfindən Bakı beynəlxalq dəniz ticarət limanında, Dübəndi və Səngəçal liman məntəqələrində 24 tanker və quru mal gəmisinin beynəlxalq konvensiyaların tələblərinə və dənizçiliyin təhlükəsizlik qaydalarına uyğunluğu yoxlanılıb, respublika bayrağı altında üzən 202 gəmi təkrar yoxlamadan keçib. Diplomlaşdırılma proseduru üzrə işlər daim görülür və funksiyaların bu hissəsində Dəniz Administrasiyası tərəfindən komanda və sıravi tərkibin təxminən iki min dənizçisi attestasiyadan keçib.

Beynəlxalq Konvensiyaların tələblərinə əsasən, yerli rəhbər sənədlərin və normativ aktların yaradılması üzrə iş görülür.

Azərbaycanda balıqçılıq donanmasının olması kimi əhəmiyyətli detala da diqqət yetirməmək olmaz. Ölkəmizin miqyası üçün balıqçılıq donanması bizdə kifayət qədər çoxdur. Balıqçılıq gəmiləri, əsasən, özəl sektora - səhmdar cəmiyyətlərə, kiçik müəssisələrə, fiziki şəxslərə məxsusdur. Rəhbərliyin tapşırığı ilə mütəxəssislərimiz Hövsan, Nərimanabad və Şimal-Şərqi Banka balıqçılıq liman məntəqələrinə tanışlıq səfəri edib. Açıq deyə bilərəm ki, bu istiqamətdə Dəniz Administrasiyası çox işlər görməlidir. Liman məntəqələrinin nümayəndələri ilə görüş tövsiyyə xarakteri daşıyıb.

- Hansı gəmilər dövlət qeydiyyatından keçirlər və nə qədər gəmi qeydiyyata alınıb?

- Azərbaycan Respublikasının Dövlət Gəmi Reyestrində gəmi sahibinin statusundan asılı olmayaraq, texniki və metrik göstəricilərinə görə Təsnifat Cəmiyyətinin müşahidəsi altında olan və kiçik həcmli olmayan bütün gəmi növləri məcburi qaydada qeydiyyatdan keçirlər. Hazırda 478 gəmi qeydiyyatdan keçib. Dövlət Xəzər dəniz gəmiçiliyinin, ARDNŞ-in "Xəzərdənizneftdonanma" idarəsinin bütün gəmiləri, həmçinin balıqçılıq gəmilərinin kiçik hissəsi bu siyahıya daxildir.

- Azərbaycan Respublikasının bayrağı altında üzən, lakin heç bir sənədi olmayan gəmilərin həbsi haqqında nə deyə bilərsiniz? Bu cür gəmilərə hansı sanksiyalar tətbiq olunur?

- Əgər söhbət Qazaxıstan və Rusiyanın sahil zonalarında qanunsuz balıq tutduqlarına görə həbs olunan balıqçılıq gəmilərindən gedirsə, onlar həqiqətən də bizdə qeydiyyatdan keçməyiblər və Azərbaycan Respublikasının bayrağı altında üzmə və mülkiyyət hüquqlarını müəyyənləşdirən müvafiq sənədlər olmadan üzürdülər. Bunun sxemi sadədir: həmin gəmilər Həştərxandan alınır və bu cür gəmilərin sahibləri idxal zamanı yalnız gömrük prosedurları ilə kifayətlənir, sonra isə dövlət qeydiyyatından keçmədən gəmilərdən pirat üsulu ilə birbaşa təyinatı üzrə istifadə edirlər.

Belə olan halda mən gəminin təhlükəsiz istismarı məsələlərində gəmi sahiblərinin səriştəsiz olduğunu xüsusilə qeyd etmək istərdim. Gəmi müayinədən keçmədikdə, yəni onun faktiki vəziyyəti müəyyən olunmadıqda, üzmə qabiliyyəti və üzmə rayonunu göstərməklə, icazə sənədləri səlahiyyətli orqanlara təqdim edilmədikdə, gəminin qəzaya uğrama riski yaranır. Bu halda bütün məsuliyyət gəmi sahibinin üzərinə düşür. Təcrübə göstərir ki, ölkəyə gətirilən bütün balıqçılıq gəmiləri dənizə təhlükəsiz şəkildə çıxmağa imkan verən müvafiq avadanlıqla təchiz olunmayıblar. Bunun səbəbi dənizçiliyin təhlükəsizliyi üzrə tələblərə əsasən avadanlığın alınması və onun gəmidə quraşdırılması üçün əlavə xərcə düşmək istəməmələridir. Hər bir gəmi sahibi bilməlidir ki, təhlükəsizlik üzrə məcəllənin tələblərinə uyğunsuzluq yaranan zaman heç bir gəminin dənizə çıxmaq hüququ yoxdur.

Gələcəkdə, pozuntu halının səviyyəsindən asılı olaraq, əgər pozuntu ağır nəticələrə səbəb olsa, bu cür gəmi sahiblərinin taleyi ya inzibati, ya da cinayət-prosessual qaydada həll olunacaq.

- Pozuntuya yol vermiş gəmilərə dair hər hansı cərimə sanksiyaları mövcuddurmu?

- Hazırda "İnzibati yığımlar haqqında Əsasnamə" layihəsi hazırlanacaq və Tarif Şurasına təqdim olunacaq. Həmin Əsasnamənin məqsədi dövlət büdcəsinə ödəmənin təmin edilməsi və Dəniz Administrasiyasının inkişafıdır. Digər dəniz dövlətlərinin təcrübəsinə görə, bu əsasnaməyə həm birdəfəlik, həm illik yığımlar, həmçinin Dəniz Administrasiyasının təqdim etdiyi müxtəlif xidmət növlərinə görə yığımlar daxildir. Bundan başqa, Əsasnamənin bu layihəsində müxtəlif dərəcəli inzibati cərimələr haqqında məsələyə baxılıb. Bu halda Dəniz Administrasiyası cəzalandıran deyil, xəbərdarlıq edən orqan rolunda çıxış edir. Təsəvvür edin ki, hansısa dənizçinin günahı ucbatından neft dənizə axacaq və ya gəmi yan alma körpüsündə dayanarkən, onun göyərtəsinə qida tullantıları və zibil atılacaq. Axı bu da bir terrordur, lakin bu terror yalnız ekolojidir və özümüzə qarşıdır. Ona görə də cərimələr haqqında qanunu qəbul edərək biz ətraf dəniz mühitinə vurulan ziyanın qarşısını ala bilərik. Hesab edirəm ki, cərimələr heyətin günahı ucbatından insan həyatının, gəminin, daşınan yükün və ətraf mühitin təhlükəsizliyinə təsir edə biləcək istənilən uyğunsuzluq zamanı tətbiq olunmalıdır.

Bir faktı da nəzərə almaq lazımdır ki, Azərbaycanın 1995-ci ildən etibarən ali dəniz orqanı kimi Beynəlxalq Dəniz Təşkilatı qarşısında hesabatı yalnız üzvlük haqqlarının ödənilməsindən ibarət deyil, həm də görülmüş işlər, Konvensiya tələblərinin ciddi pozuntularının sayı, dəniz hadisələri, həmçinin planlaşdırılan inkişaf perspektivləri haqqında illik hesabatdan ibarətdir.

- Nə üçün mövcud alternativdə Təsnifat cəmiyyəti kimi üstünlük "Rusiya Gəmiçiliyi Dəniz Registri"nə verilir, bu məsələdə hər hansı məhdudiyyətlər varmı?

- Dərhal demək istəyirəm ki, bu, səhv fikirdir. Bəli, həqiqətən də, ölkədə ABS, Norske Veritas, Germany Lloyd kimi nüfuzlu Təsnifat cəmiyyətlərinin nümayəndəlikləri olduğu halda, Azərbaycan gəmilərinin əksəriyyəti Rusiya Registrinin nəzarəti altındadır. Bunun öz tarixi var. İş burasındadır ki, bizim bütün gəmilərimiz hələ SSRİ vaxtından yeganə tanınan Təsnifat cəmiyyəti - Rusiya Registrinin nəzarəti altında Sovet İttifaqının tərsanələrində hazırlanırdı. Sovet İttifaqında alternativ kimi digər cəmiyyətlər mövcud deyildi. Və bizim zəmanədə də Azərbaycan, Rusiya gəmiqayırma tərsanələrində bir sifarişçi kimi, bütün gəmiləri Rusiya Registrinin nəzarəti altında inşa edir.

Məlumat üçün deyə bilərəm ki, gəmi sahibi Təsnifat cəmiyyətini seçərkən dövlətin qanunvericilik bazasına əsaslanmalı və bu məsələdə səlahiyyətli orqanla əməkdaşlıq etməlidir. Hazırda bu səlahiyyətlər Rusiya Gəmiçiliyi Dəniz Registrinə məxsusdur.

- Siz Bakı Beynəlxalq dəniz ticarət limanının şəhərdən kənara çıxarılması haqqında qərara dair vəziyyəti necə qiymətləndirirsiniz?

- Əgər ekoloji məsələni və paytaxtın yükləndiyini diqqətə alsaq, o zaman bu, tamamilə məntiqə uyğun qərardır. Bütün ağır yük daşıyan avtonəqliyyat da şəhərdən kənara çıxarılacaq.

Düşünürəm ki, bizim strukturuna görə məşhur Avropa dəniz limanlarından geri qalmayan müasir limana ehtiyacımız var. Gələcək perspektivlər baxımından - bu, Bakı-Tbilisi-Ceyhan layihəsinin reallaşdırılması üzrə əlavə qol, Böyük İpək Yoluna çıxış üçün müasir keçiddir. Və hər şeydən əvvəl bu, elə liman olmalıdır ki, biz onunla fəxr edək. Lakin bütün aspektləri nəzərə alaraq, bu cür qlobal məsələnin həlli üçün çox böyük tədqiqat işləri aparmaq lazımdır. Axı dəniz limanı mürəkkəb infrastrukturdur, bir növ meqapolisdir. Ən az itki ilə və mümkün qədər qısa müddətdə yeni limanı inşa edib istismara vermək üçün müvafiq qüvvələr lazımdır.

- Sizin fikrinizcə, Azərbaycanın hansı dəniz obyektləri bu gün beynəlxalq standartlara uyğundur?

- Hövsan qəsəbəsində Bakı dəniz balıqçılıq limanının yenidən qurulması aparılır. Yeni yan alma körpüsünün tikintisi başa çatır və mövcud yan alma körpüləri bərpaya hazırlanır. Qazaxıstanın "Prodkorporasiya" şirkəti ilə birgə layihə çərçivəsində balıqçılıq limanının ərazisində çörək zavodunun və taxıl anbarının tikintisi planlaşdırılır. Hazırda taxıl qəbulu üçün avadanlığın quraşdırılması üçün texniki şərait yaradılır.

- Məsələn, Nərimanabadda gəmilərin alt hissəsinə qulluq etmək üçün gəmi sahibi slipin inşasını planlaşdırılır. Şəxsi təmir bazası yaradılıb. Azərbaycan donanmasının unikallığı nədən ibarətdir?

- Birincisi, Azərbaycan donanmasında elə gəmilər var ki, bu gəmilərdən heç bir Xəzəryanı dövlətdə yoxdur. Ölkəmiz hazırda dənizdə qarşısına qoyulmuş bütün vəzifələrin öhdəsindən gəlməyə qadirdir. Donanmanın tərkibində yük-sərnişin bərələri, ro-ro tipli gəmilər, quru mal gəmiləri, neft tankerləri, boru kəməri çəkənlər, elmi-tədqiqat gəmiləri, qəza-xilasetmə gəmiləri, yedəklər, dalğıc gəmiləri, torpaqqazanlar, həmçinin analoqu olmayan iritonnajlı kran gəmiləri var. Miqyasına görə ölkəmizi, həqiqətən də, dəniz derjavası hesab etmək olar.

Yadıma gəlir ki, 2000-ci ildə Rusiyanın "Vist" gəmisi Xəzərdə qəzaya uğramışdı. Yalnız bizim qəza-xilasetmə donanmamızın dənizçilərinin vaxtında, bacarıqlı və qüsursuz fəaliyyəti sayəsində gəmi xilas oldu və müvəffəqiyyətlə Bakı gəmi təmiri zavodlarından birinə aparıldı.

- Dəniz Administrasiyasının 2007-ci il üçün hansı planları var?

- Dəniz Administrasiyası hazırda təşəkkül və özünütəsdiq dövrünü yaşayır. Ona görə də hansısa qlobal tədbirlər haqqında danışmaq mənim üçün çətindir. Yaxşı olar ki, biz bu ilin sonunadək nəyə qadir olduğumuzu göstərək, işlərimizə yekun vuraq və yalnız o zaman gələcəyə nəzər sala bilərik.

Xəbər lenti

Xəbər lenti