...

Bakıda Azərbaycanın ÜTT-yə daxil olması ilə bağlı məsələlər müzakirə olunur

Siyasət Materials 16 Oktyabr 2006 12:20 (UTC +04:00)
Bakıda Azərbaycanın ÜTT-yə daxil olması ilə bağlı məsələlər müzakirə olunur

Oktyabrın 16-da Bakıda Azərbaycan hökuməti və özəl sektor, o cümlədən beynəlxalq təşkilat nümayəndələrinin iştirakı ilə keçirilən seminarda ölkənin Ümumdünya Ticarət Təşkilatına daxil olması məsələləri, həmçinin, problemlər və perspektivlər müzakirə olunur.

Trend in xəbər verdiyi kimi, seminar Azərbaycanın ÜTT-yə daxil olması prosesində təşkilatın texniki yardımının gerçəkləşdirilməsi çərçivəsində təşkil olunub. Seminarda Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, ABŞ-ın ÜTT-dəki səfiri Piter Algeyer, ABŞ-ın Bakıdakı diplomatik missiyasının rəhbəri Enn Ders, beynəlxalq təşkilatlar, Azərbaycan hökuməti və özəl sektor nümayəndələri iştirak edib.

M.Məmmədquliyev ÜTT-yə daxil olmaq üçün Azərbaycanın siyasi iradəyə malik olduğunu vurğulayıb və qeyd edib ki, bu məsələ ölkə üçün prioritetdir. Onun sözlərinə görə, Azərbaycanın dinamik inkişaf edən iqtisadiyyatı dünyanın bütün ölkələri ilə ticarət əlaqələrini genişləndirməyə və təşkilatın üzvü olmağa imkan verir.

"Azərbaycanın ÜTT-yə daxil olması üçün bütün zəminlər var", - deyə ABŞ-ın təşkilatdakı səfiri seminarda bəyan edib. Onun sözlərinə görə, ÜTT-yə üzvlük Azərbaycana beynəlxalq ticarət sistemində müəyyən iştirak hüquqları verəcək. O, ölkə iqtisadiyyatında islahatların keçirilməsini və qanunvericiliyin beynəlxalq qanunvericiliklə uyğunlaşdırılmasını zəruri hesab edib.

P.Algeyer ölkəyə gətirilən malların tariflərinin vahid qrafikini tərtib etməyin də vacibliyini qeyd edib. O, Azərbaycanı iqtisadiyyatı inkişaf etməkdə olan ölkələr kateqoriyasına aid edib və bildirib ki, danışıqlar bu səviyyədə aparılacaq.

Xəbər lenti

Xəbər lenti