...

Siyavuş Novruzov: Azərbaycanda heç kim özünü ərköyün övlad kimi apara bilməz

Siyasət Materials 5 Dekabr 2006 18:42 (UTC +04:00)

"Müsavat Partiyası nə vaxta qədər bu təfəkkürlə yaşayacaq? Nə qədər mitinq, piket və yürüş keçirmək olar? Bir dəfə də ağac əkmək, kitab bayramı keçirmək üçün müraciət edin". Trend xəbər verir ki, bu sözləri parlamentin dekabrın 5-də keçirilən iclasında hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Müsavat deputat qrupunun üzvü, millət vəkili Arzu Səmədbəylinin şəhərin mərkəzində aksiyaların keçirilməsinə icazə veirlməməsi ilə bağlı qaldırdığı məsələyə münasibət bildirərkən deyib.

Xatırladaq ki, Arzu Səmədbəyli bildirib ki, son üç ay ərzində Müsavat Partiyası aksiya keçirmək üçün üç dəfə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Lakin Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasına istədiyi yerdə aksiya keçirməyə icazə verməyib.

S.Novruzov əlavə edib ki, əgər müxalifət mitinq keçirib öz fikirlərini ictimaiyyətə çatdırmaq istəyirsə, aksiyanın harada keçirilməsinin heç bir fərqi yoxdur.

"Digər tərəfdən isə, sizə təklif olunan yerlərin əksəriyyəti əhalinin sıx şəkildə yaşadığı yerlərdir. Nəyə görə əhalinin sıx yaşadığı yerlərdə deyil, idarə, müəssisə və beynəlxalq təşkilatların Bakıda fəaliyyət göstərən nümayəndəliklərinin yerləşdiyi ərazilərdə aksiya keçirmək istəyirsiz və yalnız həmin əraziləri seçirsiz? Bu, mənim üçün aydın deyil".

YAP icra katibinin müavini əlavə edib ki, istənilən məsələdə qanunun aliliyi təmin olunmalıdır.

"Qanunla tənzimlənməli olan məsələləri aclıq aksiyası, özünü binadan atmaqla həll etmək olmaz. Kimsə gedib pul verib qeyri - qanuni şəkildə universitetə qəbul olunubsa və ya binanı zəbt edib orada hansısa siyasi partiyanı yerləşdiribsə, bu kimi hallara göz yummaq olmaz. Dövlət də bəyan edir ki, kimliyindən, hansı partiyanın üzvü olmasından asılı olmayaraq bütün vətəndaşlar qanun qarşısında bərabərdirlər və bu addımlar bərabərliyi təmin edir. Bütün məsələlər qanun çərçivəsində və qanunun tələbləri əsasında həll olunmalıdır. Bu dövlətdə heç kim ərköyün övlad deyil və Azərbaycanda heç kim ərköyünlük edə bilməz. "

Xəbər lenti

Xəbər lenti