Dekabrın 13-dən 15-dək Sürixdə donor-ölkələrin Cənubi Qafqaza göstərdiyi yardımın koordinasiyası üzrə konfrans keçiriləcək. Trend BNS-ə istinadən xəbər verir ki, konfransı Latviyanın Müdafiə Nazirliyi keçirir. O, bu beynəlxalq təşəbbüsün rəhbərliyini Estoniyadan alaraq, bu il həmin funksiyanı yerinə yetirir.
Konfransın məqsədi - NATO ilə fərdi tərəfdaşlığın fəaliyyət planının uğurla yerinə yetirilməsinə yardım etmək üçün Azərbaycana, Ermənistana və Gürcüstana müdafiə sahəsində göstərilən ikitərəfli yardımın koordinasiyasıdır. Bu planlarla Cənubi Qafqaz ölkələri ilə görülməli olan islahatlar müəyyənləşdirilib.
İşçi sessiyalarda konfrans iştirakçıları Cənubi Qafqaz ölkələrinin həmin ölkələrdə müdafiə və təhlükəsizlik sahəsində aparılan islahatlar haqqında məruzələrini dinləyəcək, donor-ölkələrin onlara gələn il göstərməyə planlaşdırdıqları yardım haqqında məlumat verəcəklər. İşçi sessiyaların başlıca vəzifəsi - ölkə-donorların göstərdiyi yardımın təkrarlanmasının qarşısını almaq və Cənubi Qafqaz ölkələrinin müdafiə və təhlükəsizlik sahəsində apardığı islahatlara NATO-nun daha geniş dəstək göstərməsinə yardım etməkdir.
Konfransda 20 donor-ölkənin və Cənubi Qafqaz ölkələrinin, müdafiə sahəsində beynəlxalq təhsil mərkəzlərinin, eləcə də NATO ilə fərdi tərəfdaşlığın Fəaliyyət planı təsdiqləndikdən sonra ikitərəfli yardımın analoji mexanizmini yaratmaq fikrində olan Moldovanın nümayəndələri iştirak edəcək.
Donor-ölkələrin Cənubi Qafqaza göstərdiyi yardımın koordinasiyası üzrə konfrans ildə iki dəfə keçirilir.