...

Azərbaycan prezidenti: Yeni körpülərin açılışı nəqliyyat sistemini yaxşılaşdırmağa imkan verəcək

Siyasət Materials 22 Dekabr 2006 14:01 (UTC +04:00)
Azərbaycan prezidenti: Yeni körpülərin açılışı nəqliyyat sistemini yaxşılaşdırmağa imkan verəcək

Bu gün Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Nəqliyyat Nazirliyi dövlət başçısının "2006-2007-ci illərdə Bakıda nəqliyyat sisteminin təkmilləşdirilməsi haqqında" fərmanı çərçivəsində inşa edilən iki yeni yeraltı keçid və körpünün açılışını həyata keçirib. Bu barədə Trend xəbər verir.

Azərbaycan prezidentinin Nəqliyyat Nazirliyinin yanında inşa edilmiş körpünün açılışında bildirdiyi kimi, Bakı şəhərinin nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasının ilkin mərhələsi çərçivəsində 200 mln. AZN-dən çox vəsait ayrılıb.

"Yeni körpülərin açılışı nəqliyyat sistemini yaxşılaşdırmağa imkan yaradacaq. Nəqliyyat Nazirliyinin məlumatına görə, işlər 9 körpü və yol qovşağının tikintisi ilə məhdudlaşmayacaq. Yeni plan və layihələr də var. Biz onları həyata keçirəcəyik", - deyə prezident bildirib.

Dövlət başçısı əlavə edib ki, Azərbaycanın iqtisadi imkanları artır.

"Büdcə sürətlə artır. Bütün bu işlər büdcə vəsaitləri hesabına həyata keçirilir. Yaxın vaxtlarda Heydər Əliyev adına aeroport istiqamətindəki yol tamamilə yenilənəcək, o, 2 dəfə geniş olacaq və bütün beynəlxalq standartlara cavab verəcək", - deyə İ.Əliyev qeyd edib.

Bu gün həmçinin "Ayna Sultanova" heykəlinin yanındakı ikinci körpünün açılışı olub. Bundan başqa, keçidlər də açılıb. Onlardan biri Akkord şirkəti tərəfindən Bülbül və Füzuli küçələrinin kəsişməsində inşa edilib. Bu layihənin dəyəri 999 min AZN-dir. İkinci keçid Saako şirkəti tərəfindən Nizami və Səməd Vurğun küçələrinin kəsişməsində tikilib. Onun dəyəri - 1 mln. 245 min AZN-dir.

Xəbər lenti

Xəbər lenti