...

Amerikalı həmsədr: Ermənistanda seçkilərdən sonra Dağlıq Qarabağ münaqişəsinin həllində yeni impuls görünəcək

Siyasət Materials 8 Fevral 2007 13:45 (UTC +04:00)

ATƏT Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza ilə Trend in eksklüziv müsahibəsi

- Dünən Tbilisidə Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi ilə bağlı sənədlərin imzalanması oldu. Beləliklə, Ermənistan sayca üçüncü böyük regional layihədən kənarda qaldı. Etiraf edin ki, Ermənistanın Dağlıq Qarabağa dair iddiaları ona baha başa gəlir...

- Mən istərdim ki, Ermənistan da bu layihələrdə iştirak etsin. Lakin mən başa düşürəm ki, Bakı-Tbilisi-Qars layihəsini həyata keçirən dostlarımız indi Ermənistanı bu layihəyə qoşmağa hazır deyillər. Amma bu, siyasi faktdır. Lakin biz həm Azərbaycanı, həm Türkiyəni, həm də Gürcüstanı dəstəkləyirik. Ermənistana gəlincə, biz Dağlıq Qarabağ münaqişəsinin həllini tapmaq istərdik ki, bu cür layihələr heç bir tərəfdən yan keçməsin.

- ATƏT Minsk qrupu həmsədrlərinin sonuncu birgə bəyanatında deyilir ki, dövlət başçıları ölkələrinin ictimaiyyətini güzəştlərə hazırlamalıdırlar. Güzəşt deyərkən Siz nəyi nəzərdə tuturdunuz? Bu bəyanat Azərbaycanda birmənalı şəkildə qiymətləndirilməyib.

- Bildiyiniz kimi, həmsədrlər tərəfindən təklif olunan ümumi prinsiplər var. Bu prinsiplər də güzəştlərdir. Həmsədr kimi biz hesab edirik ki, bu, problemin həll edilməsi üçün ən yaxşı imkanı yaradır. Lakin bu, güzəşt olduğundan ümumi dil tapmaq lazımdır. Mən hesab edirəm ki, indi hər iki tərəf güzəştə və razılışmaya artıq yaxındır. Lakin onlar bu yolun sonuna çatmayıblar, texniki məsələlər qalıb ki, bunlarla bağlı da ümumi dil tapmaq lazımdır.

- Azərbaycan ərazi bütövlüyünün bərpa edilməsini və köçkünlərin öz torpaqlarına qayıtmasını tələb edir, Ermənistan isə öz şərtlərini irəli sürür. Bu tələbləri eyni zamanda təmin etmək mümkündürmü?

- Mümkündür. Bir doplomat kimi bizim vəzifəmiz də bundan ibarətdir. Öz müqəddəratını təyinetmə hüquqü və ərazi bütövlüyü arasında orta məxrəc tapmaq lazımdır. Universal prinsip yoxdur. Hər bir münaqişə digərilərindən fərqlənir. Mən hesab edirəm ki, bu cür güzəştin olması üçün şərait yaratmaqla bu, tamamilə mümkündür. Amma bu çətindir. İndi bəzi texniki məsələlər qalıb ki, bu məsələlərlə bağlı hər iki tərəfin rəyi üst-üstə düşmür. Lakin mən hesab edirəm ki, Ermənistanda keçiriləcək seçkilərdən öncə və seçkilərdən sonra ümumi dil tapmaq mümkün olacaq. Mən bilmirəm, bunu etmək üçün Ermənistanda və Azərbaycanda siyasi iradə mövcuddurmu. Lakin mən hesab edirəm ki, prezidentlər İlham Əliyev və Robert Köçəryan bunu istəyir, sadəcə biz siyasi seçkilər mövsümündə olanda bu çətinləşir.

- Yaxın günlərdə Azərbaycanın iqtidarda olan partiyası Şuşada uydurma müstəqillik günü münasibətilə abidə ucaldılması ilə bağlı etraz məktubu ilə ATƏT-in Minsk qrupu həmsədrlərinə müraciət edib. Danışıqların intensiv davam etdiyi mərhələdə bu cür aktları necə qiymələndirirsiniz?

- Mən hesab edirəm ki, bütün bu cür akt və hadisələr tərəflər arasında gərginliyin səviyyəsini artırır və danışıqların gedişinə kömək etmir. Bu abidəyə gəlincə, mənim bu haqda məlumatım yoxdur, bağışlayın.

- Belə fikirlər mövcuddur ki, 2007-ci il Ermənistanda parlament seçkiləri və 2008-ci il Azərbaycanda prezident seçkiləri münaqişənin həllinə mane olacaq. Siz bununla razısınızmı?

- Mən bununla razı deyiləm. Mən hesab edirəm ki, seçkilər bu prosedurun mürəkkəb elementidir. Digər tərəfdən, danışıqlar hətta indi də davam etdirilir. Ola bilsin ki, Ermənistanda parlament seçkiləri keçirilənə qədər prezidentlər görüşməsin, lakin nazirlər danışıqları davam etdirəcək.

- Növbəti görüşü nə vaxt keçirməyi planlaşdırırsınız?

- Gələn həftə energertika üzrə konfransda iştirak etmək üçün mən Parisdə olacağam. Düşünürəm ki, Bernard Fasye ilə görüşəcəm və rusiyalı həmsədr Yuriy Merzlyakovun da bizə qoşulacağı mümkündür. Nazirlərin görüşü fevralın sonuna qədər və ya martın əvvəlində keçiriləcək. Bu, onların iş qrafikindən asılı olacaq. Və ümumiyyətlə, belə tez-tez görüşmək lazım deyil.

- Yəni hər növbəti görüş üçün əsas olmalıdır?

- Əsas odur ki, danışıqlarda könüllü iradə olsun. Mən hesab edirəm ki, bu var. Hər görüşdə irəliləyiş müşahidə olunur. Onlar Moskvada görüşərkən və fikir mübadiləsi apararkən ümumi prinsiplərə dair öz mövqelərində bir az da yaxınlaşıblar.

- Hər dəfə deyilir ki, müəyyən irəliləyiş var, lakin ictimaiyyət bu barədə kifayət qədər məlumat ala bilmir.

- Konkret danışıqlar aparılır, lakin açıq şəkildə bunun haqqında danışmaq olmaz, çünki bu, danışıqların mövqeyinin siyasiləşdirilməsinə gətirib çıxaracaq. Mən düşünürəm ki, hər iki tərəf öz nazirlərinə etibar etməlidir.

- 2006-cı ildə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün böyük ümidlər olsa da, bu ümidlər özünü doğrultmadı. Bu il məsələnin konkret həllini gözləmək olarmı?

- Mümkündür. Mən ümid edirəm ki, Ermənistanda seçkilərdən sonra aşkar görünəcək yeni impuls olacaq. Lakin indi bu impuls hələ tam görünmür, çünki seçkilərə qədər danışıqlar çox sakit aparılır.

- Siz dediniz ki, prezidentlərin görüşü Ermənistanda keçiriləcək parlament seçkilərindən sonra baş tutacaq və elə həmin seçkilərdən sonra da yeni impuls görünəcək. Bu, ona işarə deyil ki, Ermənistanda keçiriləcək seçkilərdən sonra məsələnin konkret həlli olacaq?

- Mən buna ümid edirəm. Mən sadə həmsədr və vasitəçiyəm. Mən qərara görə məsuliyyət daşımıram. Yalnız prezidentlər öz üzərinə bu cür məsuliyyəti götürə bilərlər.

Xəbər lenti

Xəbər lenti