Azərbaycan qazının Türkiyə ərazisindən keçməklə Yunanıstana nəqlinin 2007-ci ilin iyul ayında başlanması planlaşdırılır. Trend xəbər verir ki, bu barədə energetika və təbii sərvətlər naziri Hilmi Gülər Ceyhan limanında Azərbaycan neftinin olduğu 100-cü tankerin göndərilməsi mərasimində bildirib.
Onun sözlərinə görə, mayda Yunanıstanın energetika naziri bu məsələni razılaşdırmaq üçün Türkiyəyə səfər edəcək.
Azərbaycan qazı "Şahdəniz" yatağında hasil olunur və Cənubi Qafqaz qaz kəməri ilə nəql olunur. Hazırda "Şahdəniz"də birinci istismar quyusunda təmir işləri görülür, bu isə qaz hasilatının dayanmasına səbəb olub.
H.Gülər bildirib ki, "Şahdəniz"də qaz hasilatının bərpası 2007-ci il martın 6-na nəzərdə tutulub.
Türkiyə "Şahdəniz"dən aldığı qazın bir hissəsini Yunanıstana ixrac etmək, qalan hissəsini isə öz ehtiyacları üçün istifadə etmək istəyir.
Nazir bildirib ki, Xəzər dənizinin hüquqi statusu üzrə ziddiyyətlərin həlli Avropa qitəsinin enerji ilə təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.
"Lakin bu problemin tezliklə həll olunacağını gözləməyə dəyməz", - deyə o bildirib.
Türkmənistan qazının İran ərazisindən keçməklə Avropaya nəqlinə dair, nazir bildirib ki, artıq Tehranla danışıqlar aparılır.
Onun sözlərinə görə, İran tərəfi təkliflər irəli sürüb və Ankara onları nəzərdən keçirir.