...

Polşa XİN rəhbəri Azərbaycanda apardığı danışıqlardan məmnundur

Siyasət Materials 1 Mart 2007 13:26 (UTC +04:00)
Polşa XİN rəhbəri Azərbaycanda apardığı danışıqlardan məmnundur

Azərbaycan,Bakı/müxbir Trend E.Hüseynov/Xarici işlər nazirlikləri arasında məsləhətləşmələr barədə memorandum martın 1-də Bakıda Polşa XİN rəhbəri Anna Fotıqanın Azərbaycana rəsmi səfəri çərçivəsində imzalanıb. Azərbaycan xarici işlər nazirliyindəki danışıqların yekununa həsr olunmuş brifinqdə XİN rəhbəri Elmar Məmmədyarov məlumat verib ki, ikitərəfli məsələlər, həmçinin neft-qaz sahəsində münasibətlərin inkişafı barədə məsləhətləşmələr aparılıb, "belə ki, Polşa bu məsələdə maraqlıdır".

Nazirin sözlərinə görə, həmçinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da fikir mübadiləsi aparılıb. E.Məmmədyarov qeyd edib ki, Polşa və Azərbaycan arasında çox geniş və tarixi əlaqələr mövcuddur və Bakıda polyak arxitektorlarının şəhərsalmadakı rolunu qeyd edib. Nazir məlumat verib ki, görüşlər zamanı AB-də proseslər, o cümlədən Avropa qonşuluq siyasəti çərçivəsində əlaqələrin genişləndirilməsi və gücləndirilməsi məsələlərinə də baxılıb.

A.Fotıqa öz növbəsində Azərbaycan prezidenti və xarici işlər naziri ilə görüşlərindən məmnun olduğunu bildirib. Polşa və Azərbaycan arasında ümumi təmas nöqtələrini qeyd edən nazir Bakı Slavyan Univesritetində Polyak dili Kafedrasının işini yüksək qiymətləndirib. A.Fotıqa Polşanın AB və Avroatlantika alyansında üzvlüyünü qeyd edərək bildirib ki, bu strukturların qonşularla, xüsusən də şərq dövlətlərilə münasibətlərin inkişafında və Avropa qonşuluq siyasətinin reallaşdırılmasına dəstəkdə maraqlıdır. Müzakirə olunmuş əhəmiyyətli məsələlər arasında Polşa XİN rəhbəri Avropanın energetika təhlükəsizliyinin təminatı məsələsinin olduğunu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti