Azərbaycan, Bakı /müx. Trend P.Əmircanov/Azərbaycan Prezidenti Ilham Əliyev bazar ertəsi Fransa-Qafqaz Dostluq Qrupunun sədri, senator Ambruaz Düponun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlət başçısı Azərbaycan-Fransa münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini, ölkələrimiz arasında müxtəlif səviyyələrdə, o cümlədən parlamentlərarası əməkdaşlıq sahəsində əlaqələrin intensiv xarakter daşıdığını bildirib. Prezident İlham Əliyev cənab Düponun ölkəmizə bu səfərinin əməkdaşlığımızın daha da inkişafı işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.
Azərbaycan-Fransa əməkdaşlığının sürətlə inkişaf etdiyini bildirən senator prezident İlham Əliyevin Parisə dövlət səfərindən sonra ölkəmizə ilk səfərindən məmnun olduğunu, həmin səfərin Fransada böyük təəssürat yaratdığını və ikitərəfli münasibətlərin inkişafında yeni mərhələ açdığını qeyd edib.
Sonra Fransanın ölkəmizdəki səfiri Bernar dü Şafo Azərbaycan Prezidenti İlham Əliyevin Parisə səfəri zamanı Jak Şirak tərəfindən ona təqdim edilən "Şərəf Legionunun Böyük Xaç" ordeninin diplomunu Fransa prezidenti adından dövlətimizin başçısına təqdim edib.