...

Azərbaycan parlamentinin üzvü: Rusiyanın cənub sərhədlərində yeni RLS-in tikilməsi Qəbələ RLS-dən imtina olunması ilə nəticələnməyəcək

Siyasət Materials 13 Avqust 2007 16:41 (UTC +04:00)
Azərbaycan parlamentinin üzvü: Rusiyanın cənub sərhədlərində yeni RLS-in tikilməsi Qəbələ RLS-dən imtina olunması ilə nəticələnməyəcək

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə /Rusiyanın cənub sərhədlərində yeni Radiolokasiya Stansiyası (RLS) tikilməsi Qəbələ RLS-dən tam imtina olunması ilə nəticələnməyəcək. Rusiya rəhbərliyinin ölkədə yeni RLS tikmək planını şərh edən Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvü, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Aydın Mirzəzadə bazar ertəsi Bakıda belə deyib.

Millət vəkili deyib ki, Qəbələ RLS müasir tələblərə cavab verən müşahidə stansiyasıdır: "Əgər Rusiya Qəbələ RLS-dən imtina edərsə, ora Azərbaycanın mülkiyyətidir və rəsmi Bakı ondan istədiyi formada istifadə etmək hüquqa malikdir".

Onun fikrincə, rəsmi Moskvanın ölkənin cənub sərhədlərində yeni RLS tikmək planı Rusiya-ABŞ və Rusiya-Avropa münasibətləri ilə bağlıdır. Çünki ABŞ raket əleyhinə təhlükəsizlik sistemi üçün Polşa və Çexiya ərazisində analoji RLS-lər tikməyi planlaşdırır.

"Azərbaycana məxsus Qəbələ RLS-dən Rusiya və ABŞ-ın birgə istifadə etməsi məsələsi ortaya çıxandan sonra, rəsmi Moskva belə bir addım atmaqla öz mövqelərini möhkəmlətmək istəyir", - deyə millət vəkili əlavə edib.

Onun sözlərinə görə, belə RLS-lərin tikintisi kifayət qədər vəsait tələb edir. Deputat qeyd edib ki, rəsmi Moskvanın belə bir bəyanatla çıxış etməsinin psixoloji təzyiq olması və təbliğat xarakteri daşıması istisna deyil.

Mirzəzadənin fikrincə, Rusiyanın özünün cənub sərhədlərində yeni RLS tikməsi Azərbaycan üçün ciddi təhlükə və birbaşa narahatlıq yaratmır: "Birincisi, Azərbaycanla Rusiya arasında münasibətlər normaldır. İkincisi, Azərbaycana məxsus Qəbələ RLS-dən Rusiya kifayət qədər istifadə edir".

Rusiyanın son zamanlar sürətlə silahlanması məsələsinə toxunan deputat vurğulayıb ki, bu adıçəkilən ölkənin 1990-cı illərin əvvəllərində yaşadığı iqtisadi və siyasi böhrandan çıxması ilə bağlıdır. O bildirib ki, Rusiya bununla özünün fövqəldövlət statusunu daha da gücləndirməyə çalışır. Rusiyanın iqtisadi imkanlarının geniş olduğunu qeyd edən Mirzəzadə əlavə edib ki, hərbi sahə daimi moderinləşdirmə, yeni silahların alınması və yeni hərbi sistemlərin qurulmasını tələb edir. Bu məsələdə Rusiyanın iqdisadi imkanları ilə hərbi planları üst-üstə düşür.

"Azərbaycan üçün vacib olan o deyil ki, Rusiya yeni silahlar əldə edir və yeni hərbi sistemlər qurur. Bizim üçün vacib olan odur ki, Rusiya Azərbaycanla münasibətlərdə hərbi qarşıdurma elementləri ortaya qoymur", - deyə Azərbaycan parlamentinin üzvü əlavə edib.

Xəbər lenti

Xəbər lenti