...

Dekabrda Azərbaycanda əfv fərmanı imzalana bilər

Cəmiyyət Materials 10 Oktyabr 2007 17:31 (UTC +04:00)
Dekabrda Azərbaycanda əfv fərmanı imzalana bilər

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/Azərbaycan prezidenti yanında Əfv Komissiyasına çoxlu müraciət daxil olub və növbəti əfv fərmanı dekabr ayında imzalana bilər. Bu barədə çərşənbə günü Azərbaycan prezidenti yanında Əfv Komissiyasının sədri, millət vəkili Elmira Axundova məlumat verib.

"Amma əfv fərmanının nə vaxt imzalanması prezident İlham Əliyevin səlahiyyətinə aiddir" -deyə Axundova bildirib.

Azərbaycanda sonuncu əfv fərmanı 2007-ci ilin mart ayının 19-da Novruz bayramı ərəfəsində imzalanıb. May ayında isə eks-prezident Heydər Əliyevin anadan olmasının 84 illiyi ilə əlaqədar olaraq Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təqdimatı ilə Milli Məclis Amnistiya aktı qəbul edib.

Hazırda ölkədə yeddi jurnalist həbsdədir. Bunlar Eynulla Fətullayev, Samir Sədaqətoğlu, Rafiq Tağı, Rövşən Kəbirli, Yaşar Ağazadə, Mirzə Sakit və Fərəməz Novruzoğludur. Adları çəkilən jurnalistlərin əksəriyyəti böhtan və təhqirə (diffomasiya) görə həbs olunublar. Beynəlxalq təşkilatlar jurnalistlərin azadlığa buraxılmasını tələb edirlər. Milli Məclisin sədri Oqtay Əsədov Strasburqda Avropa Şurasının rəhbərliyi ilə keçirdiyi görüşlərdə Azərbaycanda həbsdə olan jurnalistlərin əfv olunacağını bildirib.

Axundova qeyd edib ki, Ramazan bayramı ilə əlaqədar əfv fərmanının imzalanacağı gözlənilmir.

"Çünki Ramazan bayramına çox az vaxt qalıb. Son günlər isə Əfv Komissiyasının iclası keçirilməyib" - deyə Əfv Komissiyasının sədri əlavə edib.

Onun sözlərinə görə, oktyabrın sonlarında Əfv Komissiyasının iclasları başlayacaq: "Mənə gün ərzində 10-15 ərizə gəlir. Bunun nəticəsində mənim qovluğumda ən azı 50 dənə təzə ərizə var və bu ərizələri yazanların əfv olunması üçün Əfv Komissiyasının iclasında məsələ qaldıracam".

Xəbər lenti

Xəbər lenti