...

Prodüser Anar Mədətov: "Show time" yarışmasında qruplaşmalar yaranıb"

Cəmiyyət Materials 13 Noyabr 2007 12:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 noyabr /müx. TrendLife Fəridə Məhərrəmqızı/ "Lider" TV-də yayımlanan "Show time" müsabiqəsinə qatılan prodüserlər və iştirakçılar bu yarışma barədə nə düşünürlər? TrendLife bu suala cavab almaq üçün öncə "ETA production" şirkətinin rəhbəri Anar Mədətova müraciət etdi.

"Biz çalışırıq ki, şou-biznes məkanında yeni səslər, yeni simalar üzə çıxısın. Hazırda telekanallarda bir çox mahnı müsabiqəsi keçirilir. Belə müsabiqələrin sonu yoxdur. Müsabiqədə iştirak edən hər bir iştirakçı məşhur olmaq üçün reklam olunmalıdır. Reklam üçün isə maddi vəsait lazımdır. Həmin yarışmaların qaliblərinin lazımi qədər maliyyəsi yoxdur. Onlar məcbur olub şadlıq evlərində keçirilən şou-proqramlarda iştirak edirlər. Orada isə onların çıxışlarına çox az pul verilir. Bizim məqsədimiz istedadlı uşaqları üzə çıxarmaqdır. Çalışacağıq ki, buna nail olaq. Onu da əlavə edim ki, biz prodüserlərin işinə qiymət verən yoxdur. Hansısa müğənnini üzə çıxarırsan, məşhurlaşdırırsan, sonunda sənə deyir ki, mən istedadlıydım" - deyə A.Mədətov bildirdi.

Onun sözlərinə görə, "Show time" müsabiqəsi elə bir yarışmadır ki, xalq özü iştirakçıları qiymətləndirir: "Uşaqlardan bir az narazıyam. Özlərinə bir o qədər də inanmırlar. Yəqin bu ondan irəli gəlir ki, onlar ilk dəfədir canlı efirdə çıxış edirlər. Ümid edirəm ki, iştirakçılarım bu yarışmada qalib olarsa, onlar öz sözlərini şou-biznesdə layiqincə deyə biləcəklər".

Yarışmada qruplaşmaların yaranması barədə deyilənlərə gəlincə, A.Mədətov bunları söylədi: "Qruplaşma yaratmaq istəyənlər var. Onlara məsləhət görərdim ki, hər kəs öz məharətini göstərsin. Xalq özü kimin nəyə qadir olduğunu qiymətləndirəcək. Qruplaşma yaratmaq lazım deyil".

A.Mədətovun komanda üzvü Zaur Məhərrəmov isə layihə boyu yaxşı çıxışlar gözləyir: "Yarışmada güclü uşaqlar var. Mən də özümü zəif rəqib hesab etmirəm. Müsabiqədə müğənni kimi özümü tanıda bilərəm".

Digər iştirakçı Fərid Məmmədov Anar Mədətovu təcrübəli prodüser adlandıraraq ona inandığını bildirdi.

Günel Babazadə isə "Show time"ın köməyilə ilə maraqlı insanlarla tanış olacağını qeyd etdi: "Bura özümü müğənni kimi sınamağa gəlmişəm. Uşaq vaxtından oxumaq arzum olub. Çalışacağam Anar Mədətovun ümidlərini doğruldum".

Dördlüyə daxil olan Mirvari Bağıyeva da müsabiqəyə qalib olmaq üçün gəldiyini söylədi.

Xəbər lenti

Xəbər lenti