...

MAQATE Azərbaycanda ilk nüvə reaktrının tikintisinə dair qərar çıxarıb

Cəmiyyət Materials 24 Dekabr 2007 11:42 (UTC +04:00)
MAQATE Azərbaycanda ilk nüvə reaktrının tikintisinə dair qərar çıxarıb

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (MAQATE) Azərbaycanda ilk nüvə tədqiqat reaktrının tikintisinə rəsmən icazə verib. "MAQATE-nin Vyanada keçirilən toplantısında Azərbaycanda nüvə tədqiqat reaktrının tikintisinə layihənin verilməsi barədə qərar çıxarılıb" bazar ertəsi Trend ə Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov bildirib.

İlk nüvə tədqiqat reaktrının tikintisi üçün Azərbaycan hökuməti razılığını verib. Azərbaycanda bu obyektin tikilməsinə 2009-cu ildə başlanması və 2010-cu ildə başa çatması nəzərdə tutulur.

Qəribov bildirib ki, ilk nüvə tədqiqat reaktrının gücü və onun tikintisinə ayrılacaq ərazi ilə bağlı yaxın günlərdə Nazirlər Kabinetində toplantı keçiriləcək. Toplantıda Azərbaycan hökumətinin nümayəndələri ilə yanaşı mütəxəssislər də iştirak edəcək. İnstitut direktoru hesab edir ki, Azərbaycanda 30 MVt gücündə nüvə reaktrı tikilməlidir. Onun sözlərinə görə, hazırda ərazisində kiçik gücə malik tədqiqat reaktrları olan ölkələr onu sökürlər. Qəribov deyib ki, 30 MVt gücündə nüvə reaktrı təqribən 36 mlyon dollara başa gəlir.

Radiasiya Problemləri İnstitutu Azərbaycanda atom elekrik stansiyasının (AES) tikilməsi ilə bağlı da təkliflər zərfi hazırlayaraq hökumətə təqdim edib. İnstitut Azərbaycanda alternativ enerji mənbəyinin yaradılmasını zəruri hesab edir.

Azərbaycan Yaşıllar Partiyası atom texnologiyasının insan sağlamlığına və ekologiyaya ciddi ziyan vurduğunu əsas gətirərək onun tətbiqinin əleyhinə çıxış edir. Partiya hesab edir ki, Azərbaycan alternativ enerjinin digər növlərindən, külək, su, günəş enerjisindən istifadə etməlidir.

Xəbər lenti

Xəbər lenti