Azərbaycan, Bakı / Trend , müxbir K.Zərbalıyeva/ "Azadlıq" qəzetinin baş redaktorunun işi üzrə çərşənbə günü Bakının Yasamal rayon məhkəməsində hazırlıq iclası keçirilib.
Bu barədə Trend ə məlumat verən Qənimət Zahidin vəkili Elçin Sadıqlı bildirib ki, iclasda baş redaktor və digər təqsirləndirilən Vüsal Hüseynov da iştirak ediblər.
Baş redaktor Cinayət Məcəlləsinin qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq cinayətlərində şübhəli bilinərək noyabrın 11-də Bakının Yasamal rayon məhkəməsinin qərarı ilə 2 ay müddətinə həbs olunub.
Hazırlıq iclasında Zahidin vəkili Sadıqov baş redaktor barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi, təqsirləndirilənlərin istintaqa verdikləri ifadələr zamanı çəkilmiş videogörüntülərin məhkəmədə nümayiş etdirilməsi barədə vəsatət verib. Vəsatətlər təmin olunmayıb.
İş üzrə prosesin yanvarın 8-də keçirilməsi qərara alınıb.
Baş redaktorun həbsinə noyabrın 7-si saat 16 radələrində "Azadlıq" qəzeti redaksiyasının yerləşdiyi "Azərbaycan" nəşriyyatının binası qarşısında baş vermiş insident səbəb olub. Sevgiladə Quliyeva və Vüsal Həsənov adlı iki nəfərlə Zahid arasında yaranan mübahisə əlbəyaxa dava ilə nəticələnib. Həmin gün Yasamal rayon Polis İdarəsinə müraciət edən Həsənov məhkəmə-tibb ekspertizasından keçib və ona kəllə-beyin travması aldığı barədə rəy verilib.
Həsənov da eyni ittihamlarla həbs olunub və onun cinayət işi baş redaktorun cinayət işi ilə birləşdirilib.
Əgər ittihamlar sübut olunarsa, baş redaktoru 3 ilə qədər həbs gözləyir.
İnsan hüquqlarının müdafiəsini həyata keçirən beynəlxalq təşkilatlar Zahidin həbsini pisləyən bəyanatla çıxış edib və bunu Azərbaycanda söz azadlığına təzyiq kimi qiymətləndiriblər.
Zahid həbsini ona qarşı hazırlanmış təxribat hesab edir.
Azərbaycanda peşə fəaliyyəti ilə bağlı 9 jurnalist cəzalandırılıb. Onların əksəriyyəti təhqir və böhtan cinayətlərinə görə məhkum olunublar.