...

Bəstəkar Nailə Mirməmmədli jurnalistlərə sərt mesaj göndərdi

Cəmiyyət Materials 20 Fevral 2008 11:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 fevral /müx. TrendLife Şahin Cavadsoy

Əməkdar incəsənət xadimi, bəstəkar Nailə xanım Mirməmmədli "şokdadır". Buna səbəb haqqında bəzi mətbu orqanlarında yazılmış ağlasığmaz yazılardır. Bəzi qəzetlərdə yazılan məqalələrdə onu müğənni kimi qələmə veriblər. Yazılıb ki, Həcc ziyarətindən yenicə qayıtmış müğənni (?) Nailə Mirməmmədli guya səfərilə əlaqədar yeni ildə heç bir şou proqramlarda çıxış edə bilməyib. Yazılmış yazılarda o da vurğulanıb ki, bəstəkar xanım həm də bahalı paltar həvəskarıdır. Guya xanım Mirməmmədlinin Eldar adlı saç ustası var və hər gün saçlarını müxtəlif formalarda düzəltdirir, ağ rəngə boyayır. Daha sonra qeyd olunub ki, guya qarderobunda ancaq daş-qaşla bəzədilmiş ən bahalı paltarlar yer alır. Bundan əlavə, guya bəstəkar xanım 30 yaşından dieta saxlayır və o vaxtdan ancaq ağartı məhsulları ilə qidalanır. Hətta dietasının xeyrini görərək xeyli arıqlayıb...

Onu "şoka" salan yazılara münasibət bildirən Nailə xanıma ən çox toxunan onun bahalı paltarlara meyl göstərdiyi barədəki xəbər olub. Bu barədə Nailə Mirməmmədli TrendLife-a belə danışdı: "Mən həmişə sadə geyimlərə üstünlük vermişəm. Bəzəkli paltarlar məni heç vaxt cəlb etməyib. Ələl-xüsus da indiki vəziyyətimdə o cür paltarlar geyinmək mənə heç yaraşmaz. Paltarlarımın bahalı, daş-qaşla bəzədilmiş olması yalandır. Üç övlad böyüdürəm. Heç vaxt elə insafsızlıq edərək, uşaqlarımın boğazından kəsib, bahalı paltarlar almaram. Hətta Hikmətin sağlığında da özümə bunu etməyə icazə verməmişəm. Başa düşə bilmirəm ki, haqqımda bu cür yazını nəyə görə yazıblar. Məni müğənni kimi təqdim etmələri isə daha gülməlidir. Məgər məni bu günə qədər müğənni ampluasında, şou proqramlarda oxuduğumu görən olub? Yaxud kim mənim saçlarımın rəngləndiyini, müxtəlif formalarda kəsildiyini və bər-bəzəkli paltarlar geyindiyimi görüb ki, haqqımda belə gülməli yazı yazıb? Hər bir jurnalistdən çox xahiş edirəm, haqqımda hər hansı bir yazı yazanda mütləq fikirlərimi öyrənib, oxuculara düzgün məlumat çatdırsın".

Xəbər lenti

Xəbər lenti