Azərbaycan, Bakı, 06 may / Trend , müxbir R.Ergün/ Azərbaycanlı futbolçu Mikayıl Yusifovun çıxış etdiyi Türkiyənin birinci liqa klubu olan "Kartalspor"un prezidenti Hüseyn Kurt futbolçuların təcrübəsizliyindən şikayətlənir. "Çempionatın əvvəlində əla oynayıb yuxarı pillələrdə yer almağı bacarmışdıq. Amma sonradan futbolçularımızın təcrübəsizliyi sözünü dedi və biz aşağı yerlərə düşdük", çərşənbə axşamı Türkiyə mətbuatına açıqlamasında "Kartalspor"un prezidenti deyib.
"Kartalspor" hazırda 33 oyundan sonra yığdığı 41 xalla 13-cü pillədə yer alır. Komanda qarşıdakı turda "Karşıyaka" ilə görüşəcək. Bu, Yusifovun komandasının hazırkı çempionatda keçirdiyi sonuncu oyun olacaq.
Klub prezidentinin bildirdiyinə görə, "Kartalspor" son turdakı oyundan mütləq qələbə ilə ayrılmalıdır. "Futbolçularımızın azarkeşlərimizə borcu var və onlar bunu "Karşıyaka" ilə oyunda ödəməlidirlər" - deyə Kurt əlavə edib.
Yusifov "Kartalspor"a ötən ilin yayında transfer olunub. Gənc qapıçı Türkiyə klubunun heyətində təsadüfi hallarda meydana çıxır.
Yusifov Türkiyəyə gedənə kimi "Xəzər-Lənkəran" klubunda çıxış edib. O, Azərbaycanın 21 yaşlılardan ibarət yığma komandasında da forma geyib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]