Azərbaycan, Bakı, 12 sentyabr / Trend , müxbir R.Ergün/ Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) keçmiş prezidenti Fuad Musayev hesab edir ki, yığma komandanın Uelsə 0:1 hesabı ilə məğlub olmasına baxmayaraq, futbolçulara mükafat verilməsi düzgün qərar deyil.
"Məndə olan məlumata görə, Uelslə oyundan sonra AFFA hər futbolçuya 5 min manat məbləğində mükafat ayırıb. Bu nə deməkdir? Mənim vaxtımda milli Bakıda Moldova ilə heç-heçə etsə də, futbolçulara mükafat ayırmadım. Əksinə, komandanı ciddi şəkildə tənqid etdim ki, belə oyuna görə sizə mükafat düşmür", - cümə günü Trend -a Musayev deyib.
Musayev AFFA-nın prezidenti vəzifəsindən 2003-cü ildə gedib. O, prezident olduğu dövrdə Bakıda yerləşən "Şəfa" stadionunu tikdirməsi ilə yadda qalıb.
Federasiyanın keçmiş prezidenti bildirib ki, Lixtenşteynlə 0:0 hesablı nəticəyə baxmayaraq, baş məşqçi Berti Foqts yığma komandada fəaliyyətini davam etdirməlidir.
"Lixtenşteynlə heç-heçə etməyimizi faciəyə çevirmək lazım deyil. Futboldur, hər şey ola bilər. Mən AFFA-nın indiki rəhbərliyindən bircə şeyə görə razıyam ki, alman məşqçiləri Azərbaycana dəvət ediblər. Foqtsa dəstək olmaq lazımdır", - deyə Musayev əlavə edib.
Musayev qeyd edib ki, Azərbaycan futbolunun ən böyük problemlərindən biri həm klublarda, həm də yığma komandada legioner futbolçuların sayının çox olmasıdır: "Legioner limitinə yenidən baxmaq lazımdır. Yoxsa bu, milli komandanı uçuruma aparacaq. İranla yoxlama oyununda yığmamızın heyətində afrikalı futbolçunu görəndə çox utandım".
Hazırda Azərbaycan yığma komandasının heyətində Braziliyadan, Rusiyadan, Nigeriyadan, Serbiyadan olan futbolçular çıxış edir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]