...

Avropa çempionatında çıxış edəcək Azərbaycan yığmasının rəqibləri barədə məlumat yoxdur – baş məşqçi

Cəmiyyət Materials 2 Oktyabr 2008 17:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 oktyabr / Trend , müxbir R.Ergün/ Futbol üzrə 17 yaşlı qızlardan ibarət Azərbaycan yığma komandasının (U -17) baş məşqçisi Şamil Heydərov Avropa çempionatının seçmə mərhələsindəki rəqiblər barədə məlumat toplaya bilməyib. Bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəsmi saytına açıqlamasında baş məşqçi özü məlumat verib.

"Rəqib komandalar barədə məlumat toplaya bilməmişik. Bu, əleyhimizə olan məqamlardandır. Amma çalışacağıq ki, yarışlar başlayana kimi rəqiblərimiz barədə müəyyən məlumatlar əldə edək", - Heydərov deyib.

Azərbaycanın 17 yaşlı qızlardan ibarət futbol komandası Avropa çempionatının seçmə mərhələsində İtaliya, Fransa və İslandiya yığmaları ilə eyni qrupda çıxış edəcək. Oktyabrın 7-də başlayacaq qrupun oyunları İtaliyada keçiriləcək.

Baş məşqçi bildirib ki, U -17-ni Avropa çempionatının oyunlarına hazır saymaq olar.

"17 yaşlılardan ibarət yığma komandanın heyəti tam formalaşıb. Bu komanda 19 yaşlı qızlardan ibarət yığma ilə birgə məşq keçib. U -17-nin üzvləri məşqlərdə özlərini yaxşı tərəfdən göstəriblər", - deyə baş məşqçi əlavə edib.

Heydərov U -17 ilə yanaşı, U -19-un da baş məşqçisidir. U -19 onun rəhbərliyi altında bir neçə gün əvvəl Avropa çempionatının seçmə mərhələsində uğurla çıxış edərək, növbəti mərhələyə vəsiqə qazanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti