Azərbaycan, Bakı, 14 oktyabr / Trend , müxbir K. Zərbalıyeva/
İnsan alverində təqsirli bilinən Azərbaycan vətəndaşlarının məhkəməsi başlayıb.
Çərşənbə axşamı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə insan alverində günahlandırılan Samux rayon sakini Aysel Əliyeva və Goranboy rayon sakini Musa Kərimovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Onlar bu il avqustun 26-da Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunublar və barələrində Cinayət Məcəlləsinin insan alveri (144-1) maddəsi ilə cinayət işi açılıb.
Əliyeva və Kərimov qadınları aldadaraq Dubaya aparıb gəlir məqsədilə cinsi istismara məruz qoyublar.
Hazırlıq iclasında məhkəmə baxışının oktyabrın 17-də qapalı keçirilməsi qərara alınıb.
ABŞ Dövlət Departamentinin dünyada insan alverinin vəziyyəti haqqında ötən illə bağlı hazırladığı hesabatında qeyd olunub ki, Azərbaycan cinsi istismar və məcburi əmək məqsədilə kişi, qadın və uşaqlar üçün həm mənbədir, həm də tranzit ölkədir. Hesabatda qeyd olunur ki, Azərbaycandan qadınlar seksual istismar məqsədiylə daha çox Türkiyəyə və Birləşmiş Ərəb Əmirliklərinə aparılır. Qurbanların böyük əksəriyyəti 19-25, 25-35 yaş qruplarında olanlardır.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]