...

Azərbaycanın transsərhəd çaylarının Gürcüstan və Ermənistan tərəfindən çirkləndirilməsinin səviyyəsi artıb

Cəmiyyət Materials 27 Oktyabr 2008 10:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 oktyabr / Trend , müxbir C.Babayeva/ Azərbaycanın transsərhəd çaylarının (Kür, Araz) Gürcüstan və Ermənistan tərfindən çirkləndirilməsinin səviyyəsi artıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin oktyabr ayının II ongünlüyü üçün apardığı monitorinqin nəticələrinə əsasən, Kür çayının Gürcüstan ərazisindən transsərhəd çirklənməyə məruz qalan məntəqələrində suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələrinin yol verilən qatılıq həddini dəfələrlə keçməsi müşahidə olunub.

Nitrit ionları Kür çayının Şıxlı-2 məntəqəsində 2, Ağstafaçay məntəqəsində isə 1.9 dəfə yol verilən qatılıq həddini (YVQH) keçir. Buna səbəb Gürcüstan və Ermənistan ərazisindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət, heyvandarlıq və sənaye müəssisələrinin çirkab sularıdır.

Aparılan monitorinqin nəticələrinə görə, Ermənistan ilə transsərhəd olan Araz çayında da mis və fenolun miqdarı normadan dəfələrlə artıq müşahidə olunub. Suyun əsas çirkləndiricilərindən olan fenollar çayın Horadiz məntəqəsində 3, I Şahsevən və Bəhramtəpə məntəqələrində 2 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.

Biogen maddələrdən nitrat və ammonium ionları norma daxilində olsa da, nitrit ionları Araz çayının Horadiz məntəqəsində 1.1, Bəhramtəpədə 1.9, I Şahsevəndə 1.7 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib. Bunun da səbəbi Ermənistan ərazisindən axıdılan çirkab sulardır.

Trend -un arayışı: Transsərhəd su hövzələri problemlərinin beynəlxalq normalar çərçivəsində regional səviyyədə həlli üçün Azərbaycan "Transsərhəd çaylar və göllərin mühafizə və istifadəsi" adlı Helsinki konvensiyasını ratifikasiya edib. Ermənistan və Gürcüstanın bu konvensiyaya qoşulmaması problemi çətinləşdirir.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti