...

Azərbaycanın transsərhəd çaylarının Gürcüstan və Ermənistan tərəfindən çirkləndirilmə səviyyəsi normadan artıqdır

Cəmiyyət Materials 10 Mart 2009 11:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 mart / Trend , müxbir C.Babayeva /

Azərbaycanın transsərhəd Kür və Araz çaylarının Gürcüstan və Ermənistan tərəfindən çirkləndirilməsi səviyyəsi normadan artıqdır.  

Kür çayının Gürcüstan və Ermənistan ərazilərindən keçən məntəqələrində suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələrinin yol verilən qatılıq həddini dəfələrlə keçməsi qeydə alınıb. Bu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən Kür və Araz transsərhəd çaylarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə fevral ayının III ongünlüyü üçün keçirilən növbəti monitorinqin nəticələrində öz əksini tapıb.

Monitorinqin nəticələrinə əsasən, Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenol və mis birləşmələri 2, Ağstafaçay məntəqəsində fenol 2, mis birləşmələri 3, Ağstafaçay su anbarında isə fenollar 3, mis birləşmələri isə 2 dəfə yol verilən qatılıq həddini keçib.

Gürcüstan və Ermənistan ərazisindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət, heyvandarlıq və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan bir qədər artıq olub.

Aparılan monitorinqin nəticələrinə görə, Ermənistan ilə transsərhəd olan Araz çayında da mis və fenolun miqdarı normadan dəfələrlə artıq müşahidə olunub. Belə ki, suyun əsas çirkləndiricilərindən olan fenollar Horadiz məntəqəsində 3, I Şahsevən məntəqəsində 2 dəfə yol verilən qatılıq həddini keçib, Bəhramtəpə məntəqəsində isə norma daxilində olub. Mis birləşmələri isə Horadizdə 4, Bəhramtəpə və I Şahsevəndə 3 dəfə yol verilən qatılıq həddini keçib.

Trend -un arayışı: Transsərhəd su hövzələri problemlərinin beynəlxalq normalar çərçivəsində regional səviyyədə həlli üçün Azərbaycan "Transsərhəd çaylar və göllərin mühafizə və istifadəsi" adlı Helsinki konvensiyasını ratifikasiya edib. Ermənistan və Gürcüstanın bu konvensiyaya qoşulmaması problemi çətinləşdirir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti