...

Azərbaycan Nazirlər Kabineti "Dövlət qulluqçusunun əlavə peşə təhsilinin növü, forması, müddəti və maliyyə təminatı Qaydaları"nı təsdiq edib

Cəmiyyət Materials 1 Aprel 2009 16:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 aprel / Trend , müxbir K.Zərbalıyeva /

Nazirlər Kabineti "Dövlət qulluqçusunun əlavə peşə təhsilinin növü, forması, müddəti və maliyyə təminatı Qaydaları"nı təsdiq edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın hüquq sektorunun müdiri Vüqar Əsgərov çərşənbə günü Trend -a bildirib ki, Qaydaların məqsədi dövlət qulluqçularının fəaliyyətində səmərəliliyin artırılması, onlar tərəfindən nəzəri və təcrübi biliklərinin əldə edilməsi və artırılması, qulluq funksiyalarının icrası ilə əlaqədar qabiliyyət və peşəkar vərdişlərin inkişaf etdirilməsi, dövlət qulluqçularının ümumi intellektual səviyyəsinin artırılmasıdır. 

Sektor müdirinin sözlərinə görə, Qaydalar "Dövlət qulluğu haqqında" Qanunun 22-1.8-ci maddəsinə uyğun olaraq dövlət qulluqçusunun əlavə peşə təhsilinin növü, forması, müddəti və maliyyə təminatı qaydalarını müəyyən edir. Bu Qaydalar 2010-cu il yanvarın 1-dən qüvvəyə minəcək.

Dövlət qulluqçusunun əlavə peşə təhsili dedikdə - təcrübə keçmə, dövlət qulluqçusunun yenidən hazırlanması və ixtisasartırma keçməsi nəzərdə tutulur.

Dövlət qulluqçularının yenidənhazırlanma və ixtisasartırma kursları keçməsi dövlət sifarişi əsasında həyata keçirilir. Dövlət orqanları peşə təhsili keçməsi üçün dövlət büdcəsindən ayrılmış vəsaitə uyğun olaraq, cari il üçün əlavə peşə təhsili keçəcək (növü və forması göstərilməklə) dövlət qulluqçularının sayı və peşə təhsili keçirilməsi zəruri olan ixtisas və vəzifələrə dair məlumatları hər ilin may ayının sonuna qədər Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya təqdim etməlidirlər. Komissiya həmin məlumatlar əsasında dövlət sifarişini hazırlayaraq təsdiq edilmək üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir.

Qaydalarda dövlət qulluqçularının xaricdə əlavə peşə təhsili alması da nəzərdə tutulur.

Əsgərov bildirib ki, dövlət qulluqçularının xaricdə əlavə peşə təhsili alması Azərbaycan Respublikasının qanunvericiliyinin tələbləri nəzərə alınmaqla, müvafiq dövlətin və ya beynəlxalq təşkilatın qaydalarına (tələblərinə) uyğun olaraq həyata keçirilir.

Xaricdə əlavə peşə təhsili keçmə dövlət büdcəsi hesabına və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına həyata keçirilə bilər.

Xaricdə ixtisasartırma kursları və yenidənhazırlanma keçmə dövlət büdcəsi vəsaiti hesabına həyata keçirildikdə, Komissiya tərəfindən müəyyən edilmiş qaydada müsabiqə aparılr.

Aidiyyəti dövlət orqanları əlavə peşə təhsili keçmiş dövlət qulluqçuları haqqında rəsmi məlumatları qanunvericiliyə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına və Komissiyaya verməlidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti