...

Bakı Şəhər Prokurorluğu və Bakı Şəhər Baş Polis İdarəsi həbs olunan gənclərlə bağlı məlumat yayıb

Cəmiyyət Materials 11 İyul 2009 13:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyul / Trend , müxbir A.Hüseynbala /

Bakı Şəhər Prokurorluğu və Bakı Şəhər Baş Polis İdarəsi Adnan Hacızadə və Emin Millinin həbsi ilə bağlı məlumat yayıb.

"Son günlər bəzi kütləvi informasiya vasitələrində vətəndaş Adnan Hacızadənin bir qrup şəxslə Səbail rayonu ərazisində yerləşən "Lebonese" restoran-barında xuliqanlıq hərəkətləri törətməsi ilə əlaqədar onun və tanışı Emin Abdullayevin (Milli) həbsinin siyasiləşdirilməsinə cəhdlər göstərilir. Bununla əlaqədar bildirilir ki, 2009-cu il iyulun 9-da, saat 18.00 radələrində içkili vəziyyətdə olan Adnan Hacızadə, habelə Emin Abdullayev və daha beş nəfər "Lebonese" restoran-barında ucadan etik normadan kənar nalayiq ifadələr işlətdiklərinə görə onlara irad tutan vətəndaşlar Vüsal Məmmədov və Babək Hüseynova qarşı heç bir əsaslı səbəb olmadan fiziki zor tətbiq etməklə qərəzli xuliqanlıq hərəkətlərinə yol veriblər", - şənbə günü Trend -a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Hadisə yerinə polis əməkdaşları gələnədək Adnan Hacızadə ilə bir yerdə olmuş şəxslərdən dördü qaçıb, lakin üç nəfəri saxlanılaraq Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinə gətirilib. "Müvafiq tibbi müayinələrlə Adnan Hacızadənin orta, Orxan Qafarovun yüngül dərəcəli sərxoşluq vəziyyətində olmaları, Emin Abdullayev, Vüsal Məmmədov və Babək Hüseynovun spirtli içki qəbul etmədikləri müəyyən olunub. Hadisə zamanı xəsarət almış Babək Hüseynova ilkin tibbi yardım göstərilib, Vüsal Məmmədov isə kəllə-beyin xəsarəti aldığından stasionar müalicədədir", - məlumatda qeyd edilir.

DİN mətbuat xidmətinin məlumatında bildirilir ki, fakt üzrə Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 221.2.1 maddəsi ilə cinayət işi başlanıb. Adnan Hacızadə və Emin Abdullayev şübhəli şəxs qismində saxlanılıb və ilkin andan vəkil Vaqif Məmmədov onların hüquqlarının müdafiəçisi qismində iştirak edib. Sonradan rəsmi orderlə müraciət etmiş vəkillər İsaxan Aşurov və Elton Quliyev də adları çəkilən şəxslərin hüquqlarının müdafiəsinə qoşulublar. "İstintaq zamanı Vüsal Məmmədov və Babək Hüseynov zərərçəkmiş şəxs qismində tanınıb dindirilib. Hadisə yerində Adnan Hacızadə və Emin Abdullayev ilə eyni masada əyləşmiş Orxan Qafarovun şahid qismində ifadəsi alınıb, Pərviz, Ülvi, Nurəddin və Bəhram adlı şəxslərin müəyyən olunması üçün tədbirlər görülür", - məlumatda vurğulanır.

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi QHT liderləri Emin Milli və Adnan Hacızadənin gözlənilmədən həbsi və saxlanılmasına dair narahatlığını bildirir. Bu barədə səfirliyin şənbə günü yayılmış məlumatında deyilir.

"Biz bu məsələni Azərbaycan hökumətinin yüksək vəzifəli şəxsləri və hüquq-mühafizə orqanları ilə qarşısında qaldırmışıq və bunu davam etdirəcəyik. Biz Azərbaycan hökumətini Milli və Hacızadənin lazımi hüquqi və tibbi yardım ilə təmin edilməsinə çağırırıq. Biz xahiş edirik ki, Azərbaycan hökuməti bu şəxslərin hüquqlarının qorunmasını və bu halda lazımi prosesi həyata keçirsin", - məlumatda deyilir.

Birləşmiş Ştatlar hökuməti hər bir millətin demokratik psosesinin ayrılmaz hissəsi kimi baxdığımız söz azadlığı və assosiasiyaların azadlığının təşviq edilməsi üçün Azərbaycan hökuməti və xalqı ilə birgə işlərinə sadiq qalır. Bu barədə ABŞ səfirliyinin məlumatında deyilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti