...

Prokuror Azərbaycanda narkotik satan İran vətəndaşlarına cəza istəyib

Cəmiyyət Materials 28 Dekabr 2009 16:39 (UTC +04:00)
İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitə gətirməkdə ittiham olunan şəxslərin məhkəməsi keçirilib.
Prokuror Azərbaycanda narkotik satan İran vətəndaşlarına cəza istəyib

Azərbaycan, Bakı, 28 dekabr / Trend , müxbir H.Bağırov/

İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitə gətirməkdə ittiham olunan şəxslərin məhkəməsi keçirilib.

Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə çıxış edən prokuror təqsirləndirilən şəxslər - Azərbaycan vətəndaşı Elxan Quliyev, İran vətəndaşları Kamrani Mansur Mohsen, Şahrəvan Kərim Ordu və onun qardaşı Şahrəvan Rəhim Ordunun hər birinin 15 il azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə dekabrın 30-da hökm elan edəcək.

Elxan Quliyevin sifarişinə əsasən, Mansur Kamrani İran ərazisində əldə etdiyi narkotik vasitələri Rəhim Şahrəvana məxsus "Samand" markalı avtomobildə xüsusi olaraq hazırlanmış saxlanc yerində gizlədib. Bundan sonra Rəhim Şahrəvan və onun qardaşı Kərim Şahrəvan həmin avtomobildə Biləsuvar Nəzarət Buraxılış Məntəqəsindən keçərək Bakı şəhərinə gələrək Mansur Kamranini gözləyiblər.

Öz növbəsində Mansur Kamrani narkotiklərin Azərbaycan ərazisinə keçirildiyinə əmin olduqdan sonra Biləsuvar Nəzarət Buraxılış Məntəqəsindən keçərək Bakı şəhərinə gəlib. Burada onlar Rəhim Şahrəvanın idarə etdiyi "Samand" markalı avtomobillə Biləcəri qəsəbəsinə gəlib, narkotik vasitələri avtomobilin gizli saxlanc yerindən çıxarmaq istəyərkən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən cinayət başında yaxalanıblar. Avtomobilə baxış keçirilərkən gizli saxlanc yerindən 3 kiloqram tiryək, 2 kiloqramdan artıq həşiş və 800 qrama yaxın heroin aşkarlanıb.

Xəbər lenti

Xəbər lenti