Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir H.Bağırov/
Azərbaycanda hakimyyət nümayəndələrinə müqavimət göstərən dindarların məhkəməsi başlayıb.
Trend-in məlumatına görə, bu gün Yasamal Rayon Məhkəməsində Bilal Əhmədov, Seymur Hüseynov, Ağəli Yəhyayev, Elçin Abbasov və Elmar Səmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Prosesdə çıxış edən təqsirləndirilən Bilal Əhmədovun vəkili cinayət işi ilə tanış olmadığını bildirib. Vəkil cinayət işi ilə tanış olması üçün vaxt istəyib.
Buna görə də hakim məhkəmənin hazırlıq iclasının davamını aprelin 30-na təyin edib.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə, zor tətbiq etmə (315.2) və xuliqanlıq (221) maddələri ilə ittiham edilirlər.
Bu il fevralın 13-də Məhəmməd Peyğəmbərin (s) vəfatı və İmam Həsənin (ə) şəhadəti ilə əlaqədar bir qrup gənc əllərində əklil və gül dəstələri Yasamal rayonunda yerləşən "Hacı Soltan" məscidinin qarşısından Şəhidlər Xiyabanına ziyarət məqsədilə yürüş edərkən polislə qarşıdurma baş verib.
Nəticədə, Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən təqsirləndirilən şəxslər saxlanılıb.