...

AZAL-a 100 min manat ziyan vurmaqda ittiham olunan dəstə üzvlərinə hökm oxunub

Cəmiyyət Materials 19 May 2010 18:00 (UTC +04:00)
Trend-in məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Azərbaycan vətəndaşları - Vaqif Mirzəzadəyə 10, Elyar Qocazadəyə 7 , Əhliman Məmmədova 8 il 6 ay, Nigeriya vətəndaşı Mutiu Olovuya 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
AZAL-a 100 min manat ziyan vurmaqda ittiham olunan dəstə üzvlərinə hökm oxunub

Azərbaycan, Bakı, 19 may /Trend, müxbir H.Bağırov/

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) İnternet səhifəsinə müdaxilə edərək şirkətə 100 min manat ziyan vurmaqda ittiham olunan Azərbaycan və Nigeriya vətəndaşlarından ibarət mütəşəkkil dəstənin üzvlərinə hökm oxunub.

Trend-in məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Azərbaycan vətəndaşları - Vaqif Mirzəzadəyə 10, Elyar Qocazadəyə 7 , Əhliman Məmmədova 8 il 6 ay, Nigeriya vətəndaşı Mutiu Olovuya 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Şəmsəddin Abdurrəhmanov, Tahir Əmirquliyev və Nazim Həsənova 4 il şərti, Ata Abdullayev və Səidə Məmmədovaya 7 il şərti, Murad Mahmudova isə 1000 manat cərimə cəzası verilərək məhkəmə zalından azadlığa buraxılıblar.

Adıçəkilən şəxslər hazırda şəxsiyyətləri istintaqla araşdırılan xaricdə yaşayan əcnəbilərlə birgə mütəşəkkil dəstənin tərkibində "Azərbaycan Hava Yolları" QSC-nin rəsmi www.azal.az internet səhifəsinə qeyri-qanuni daxil olub, ABŞ və digər xarici ölkə vətəndaşlarına məxsus kredit kartlarından qanunsuz istifadə ediblər.

Müəyyən edilib ki, cinayətkar dəstənin üzvləri həmin xarici vətəndaşların kredit kartlarındakı hesablarından gizli olaraq internetlə pul ödənişləri aparıb müxtəlif marşrutlar üzrə elektron avia-biletlər əldə etmiş və bu biletləri real dəyərindən ucuz qiymətə, nağd pula digər şəxslərə satıb əldə etdikləri pulları talamışlar.

İstintaqla müəyyənləşdirilib ki, göstərilən hüquqazidd əməllər, qanunsuz müdaxilə şirkətin işinin pozulmasına səbəb olub və bunun nəticəsində şirkətə 100 min manata yaxın zərər vurulub.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 271.2.1-ci və 271.2.3-cü, (mütəşəkkil dəstə tərəfindən kompüter informasiyasına qanunsuz daxilolma ilə külli miqdarda ziyanvurma), 177.3.1-ci və 177.3.2-ci (mütəşəkkil dəstə tərəfindən özgənin külli miqdar əmlakını gizli talama) maddələri ilə ittiham olunurlar.

Xəbər lenti

Xəbər lenti