...

Azərbaycanda attestasiyadan keçməyən dindarlara dini mərasimlərdə iştirak edəcəkləri halda inzibati cəza tətbiq ediləcək - QMİ

Cəmiyyət Materials 1 Noyabr 2010 10:31 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsində attestasiyadan keçməyən dindarlar dini mərasimlərdə iştirak edəcəkləri halda inzibati qaydada cəzalandırılacaqlar.
Azərbaycanda attestasiyadan keçməyən dindarlara dini mərasimlərdə iştirak edəcəkləri halda inzibati cəza tətbiq ediləcək - QMİ

Azərbaycan, Bakı, 01 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Qafqaz Müsəlmanları İdarəsində (QMİ) attestasiyadan keçməyən dindarlar dini mərasimlərdə iştirak edəcəkləri halda inzibati qaydada cəzalandırılacaqlar.

"Attestasiyadan keçən dindarların siyahısı rayon icra hakimiyyətlərinə təqdim ediləcək. Attestasiyadan keçməyənlər dini mərasimlərdə iştirak edə bilməzlər. Belə faktlar aşkarlanarsa, onlar barəsində inzibati cəza tədbirləri görüləcək", - bunu bazar ertəsi Trend-ə QMİ-nin fətva şöbəsinin müdiri Hacı Mirəziz Seyidzadə deyib.

QMİ dindarların biliyini yoxlamaq üçün attestasiyaya başlayıb.

Şöbə müdiri bildirib ki, attestasiyadan keçməyən şəxslərin dini mərasimləri aparmaları aşkarlanarsa, onlar barəsində müvafiq qurumlara ölçü götürülməsi üçün müraciət ediləcək.

Seyidzadə bildirib ki, Lənkəran, Lerik, Cəllilabad, Astara, Masallı, Biləsuvar rayonlarında fəaliyyət göstərən dindarların attestasiyası aparılıb.

QMİ rəsmisinin sözlərinə görə, bir qisim dindarlar attestasiyadan keçməyib, bir qisminə isə 3 aydan 6 ayadək möhlət verilib.

Attestasiyanın 3 kateqoriya üzrə (molla, axund və imam) aparıldığını deyən Seyidzadə bildirib ki, dindarların "Quran"ı bilmələri mütləqdir.

Mollalar cənazə namazını, dəfn mərasimlərinin qaydalarını, axundlar və imamlar isə nikah, talaq (boşanma) mərasimlərinin, irsi bölgülərin qaydalarını, ailədəki problemlərin şəriət qaydaları ilə həllini bilməlidirlər.

"İstəyirik ruhaniyyət aləmində şəffaflıq olsun, dini mükəmməl bilənlər xalqa xidmət etsin. Bu sahədə təmizlik, müqəddəslik qorunmalıdır", - şöbə müdiri vurğulayıb.

Onun sözlərinə görə, mollaların bir qismi müəyyən səbəblərə görə, bəzi qaydaları unudublar. Onlara möhlət veriləcək ki, yenidən bu qaydaları öyrənə bilsinlər.

"Vaxtilə, sürücü, mühasib və başqa sahələrdə çalışanlar özlərinə gəlir məqsədi ilə, bir "Quran" surəsi əzbərləməklə, mollalıqla məşğul olmaq istəyirlər. Attestasiyada belə şəxslər müəyyənləşdirilərək bu sahədən uzaqlaşdırılacaq" - Seyidzadə deyib.

Onun sözlərinə görə, attestasiyanın aparılmasında əsas məqsəd Bakı İslam Universitetinin məzunlarını bu sahəyə cəlb etməkdir. Çünki onlar bu proseduraların aparılmasında təcrübəyə və təhsilə sahibdirlər.

Hacı Seyidzadə onu da qeyd edib ki, Həcc mövsümünün başlanması ilə əlaqədar attestasiya müvəqqəti olaraq dayandırılıb və gələn ildən davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti