...

Azərbaycanda körpələrin ana südü ilə qidalanmasının problemlərinə həsr olunmuş konfrans keçirilib

Cəmiyyət Materials 25 Noyabr 2010 14:12 (UTC +04:00)
"Azərbaycanda ana südü ilə qidalanmanın mövcud problemləri və gələcək perspektivləri" mövzusunda keçirilən milli konfrans Heydər Əliyev Fondu və YUNİCEF-in Azərbaycan hökuməti ilə əməkdaşlığı çərçivəsində baş tutub.
Azərbaycanda körpələrin ana südü ilə qidalanmasının problemlərinə həsr olunmuş konfrans keçirilib

Azərbaycan, Bakı, 25 noyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda körpələrin ana südü ilə qidalanmasında yaranan problemlərə həsr olunmuş konfrans keçirilib. "Azərbaycanda ana südü ilə qidalanmanın mövcud problemləri və gələcək perspektivləri" mövzusunda keçirilən milli konfrans Heydər Əliyev Fondu və YUNİCEF-in Azərbaycan hökuməti ilə əməkdaşlığı çərçivəsində baş tutub.

Tədbiri giriş sözü ilə açan Heydər Əliyev Fondunun nümayəndəsi İlqar Mustafayev bildirib ki, uşaqların ana südü ilə qidalanmamağı cəmiyyətin mövcud problemlərindəndir. Onun sözlərinə görə, Heydər Əliyev Fondu problemin aktuallığını nəzərə alaraq bu istiqamətdə fəaliyyət həyata keçirir.

YUNİCEF-in Bakı nümayəndəliyinin rəhbəri Mark Herevard bildirib ki, uşaqların ana südü ilə qidalanması yeni doğulmuş körpələrdə respirator xəstəliklərin, analarda isə döş xərçənginin qarşısını alır.

"Bu gün dünyada anaların cəmi 12 faizi altı ay ərzində körpəsini ana südü ilə qidalandırır. Biz ana südü ilə əmizdirmədə yaranan sosial problemləri də araşdırmalıyıq. İmkan verə bilmərik ki, Azərbaycanda bir neçə nəsil ana südü ilə qidalanmadan kənarda qalsın", - Herevard əlavə edib.

Milli Məclisin Sosial siyasət komissiyasının sədri Hadı Rəcəbli qeyd edib ki, Azərbaycanda bu problemin aktuallığı nəzərə alınaraq bir neçə il bundan öncə qanun qəbul olunub.

"Bu qanunun qəbul olunması həm sosial sifariş idi, həm də Milli Məclisdə təmsil olunan, ixtisasca həkim olan millət vəkillərinin təşəbbüsü idi. Qanun layihəsi hazırlanarkən dünya təcrübəsindən də istifadə olunub. Lakin bizim ortaya qoyduğumuz məqsədlər hazırki vəziyyətdəki nəticələrdən fərqlidir. Ona görə də tələbatdan asılı olaraq bu qanunda əlavə və dəyişikliklərin edilməsini də Milli Məclisin müzakirəsinə çıxarmaq olar", - Rəcəbli qeyd edib.

Millət vəkili Qənirə Paşayeva da problemin aktuallığından danışıb. O qeyd edib ki, problemin həlli istiqamətində çox işlər görülməlidir.

"Cəmiyyətdə bu işi ən yaxşı formada mətbuat və media qurumları apara bilər. Buna görə də körpələrin ana südü ilə qidalandırılmasını təbliğ etmək məqsədi ilə sosial çarxlar hazırlanaraq televiziyalar vasitəsi ilə yayımlanmalıdır. Həmən çarxlar əsasən, insanların daha çox televiziya qarşısında əyləşdiyi vaxtlarda yayımlanmalıdır" - millət vəkili vurğulayıb.

Səhiyyə Nazirliyinin Kübra Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev "Körpələrin ana südü ilə qidalanmasının mövcud problemləri və onların aradan qaldırılması yolları" adlı məruzəsində qeyd edib ki, Azərbaycanın bölgələrində anaların 50 faizi, Bakıda isə 45-48 faizi 1 yaşadək körpəsini ana südü ilə qidalandırır. Onun sözlərinə görə, körpələrin ana südü ilə qidalanma faizində yüksəlmə olsa da, istənilən səviyyəyə nail olunmayıb.

"Körpələri ana südü ilə qidalandırmada problemlərin yaranmasının 98-99 faizi subyektiv səbəblər, 1-2 faizi isə hipoqalaktiya ilə bağlıdır. Körpənin bu əvəzedilməz qida ilə qidalanması onun gələcək sağlamlığında böyük rol oynayır. Ana südü ilə qidalandıran qadınlarda döş vəzisi xərçənginə yoluxma az hallarda baş verir", - Quliyev qeyd edib.

Konfrans mövzu ilə bağlı məruzələrin dinlənilməsi ilə davam etdirilib.

Xəbər lenti

Xəbər lenti