...

Bakıda avtomobillərini texniki baxışdan keçirməyən sürücülər inzibati məsuliyyətə cəlb ediləcək - BŞBPİ

Cəmiyyət Materials 1 Dekabr 2010 11:41 (UTC +04:00)
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi avtomobillərini 2010-cu il üçün texniki baxışdan keçirməyən sürücüləri inzibati məsuliyyətə cəlb edəcək.
Bakıda avtomobillərini texniki baxışdan keçirməyən sürücülər inzibati məsuliyyətə cəlb ediləcək - BŞBPİ

Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir M. Əliyev/

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi avtomobillərini 2010-cu il üçün texniki baxışdan keçirməyən sürücüləri inzibati məsuliyyətə cəlb edəcək. Bu barədə Bakı Baş Polis İdarəsinin rəisi Nüşrəvan Səfərov qərar qəbul edib, məlumatı çərşənbə günü idarənin mətbuat xidməti yayıb.

İnzibati Xətalar Məcəlləsinin 154.1-ci maddəsinin tələbinə görə, nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini texniki baxışdan keçirməməyə görə fiziki şəxslər otuz, vəzifəli şəxslər qırx manatdan yetmiş manatadək cərimələnirlər.

Bakı şəhərində və Abşeron rayonunda qeydiyyatda olan, fiziki şəxslərə məxsus nəqliyyat vasitələrinin sahibləri nəqliyyat vasitələrinin dövlət texniki baxışından keçirilməsi üçün Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Xırdalan-Binəqədi şossesi-4 ünvanında yerləşən Müayinə mərkəzinə və ya Sabunçu rayonu Maştağa şossesində yerləşən Təchizat İdarəsinin Avtomobil Təsərrüfatında fəaliyyət göstərən Müayinə mərkəzinə təqdim etməlidirlər.

Qeyd olunan Müayinə mərkəzləri şənbə və bazar günləri də daxil olmaqla hər gün saat 09:00-dan 20:00-a qədər fəaliyyət göstərir.

Texniki baxış keçirilməsi üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan şəxs nəqliyyat vasitəsini onu idarə etməyə hüquq verən sənədi, qeydiyyat şəhadətnaməsini, nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında şəhadətnaməni və qanunvericiliklə müəyyən edilmiş rüsum və vergilərin ödənilməsi barədə qəbzləri Dövlət Yol Polisinə təqdim etməlidir.

Xəbər lenti

Xəbər lenti