...

Fransa və İngiltərədə təhsil alan azərbaycanlı tələbələrin problemləri müzakirə olunacaq

Cəmiyyət Materials 4 Dekabr 2010 11:26 (UTC +04:00)
Azərbaycanlı tələbələrin Fransa və İngiltərədə üzləşdikləri bir sıra inzibati, iqtisadi, sosial və digər problemlərlə bağlı məsələ Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanov, təhsil nazirinin müavini Elmar Qasımovun həmin ölkələrə səfəri zamanı müzakirə olunacaq.
Fransa və İngiltərədə təhsil alan azərbaycanlı tələbələrin problemləri müzakirə olunacaq

Azərbaycan, Bakı, 4 dekabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanlı tələbələrin Fransa və İngiltərədə üzləşdikləri bir sıra inzibati, iqtisadi, sosial və digər problemlərlə bağlı məsələ Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanov, təhsil nazirinin müavini Elmar Qasımovun həmin ölkələrə səfəri zamanı müzakirə olunacaq. Bu barədə Gənclər və İdman Nazirliyinin şənbə günü yaydığı məlumatda deyilir.

Fransa və İngiltərəyə səfər 5-6 dekabrda "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" nın icrası ilə əlaqədar olaraq ümumi məsələlərin müzakirə edilməsi məqsədilə həyata keçiriləcək.

Azərbaycanlı gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almalarını təmin etmək məqsədi ilə "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı ildə imzaladığı sərəncama uyğun olaraq hazırlanmış "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nda istedadlı Azərbaycan gənclərinin xaricdə təhsilinin təşkili istiqamətində vahid sistemin yaradılması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti