Azərbaycan, Bakı, 14 dekabr /Trend/
Çərşənbə axşamı Azərbaycan Məhkəmə-Hüquq Şurasının iclası keçirilib.
İclasda qeyd olunub ki, cari ildə yeni məhkəmələrin - Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin əsasında əlavə olaraq ölkənin dörd bölgəsində regional ağır cinayətlər məhkəmələrinin, yeddi bölgədə inzibati-iqtisadi məhkəmələrin yaradılması, hərbi məhkəmə sisteminin təkmilləşdirilməsi, hakim ştatlarının sayının son illər ərzində iki dəfə artırılması məhkəmə sisteminin müasirləşdirilməsi və fəaliyyətinin daha da yaxşılaşdırılmasında mühüm addımlar olub.
Həmçinin, hakimlərin seçilməsinin çoxpilləli imtahan və uzunmüddətli tədris kursundan ibarət olmaqla Avropada ən mütərəqqi qaydası müəyyən edilib, son illər ərzində 235 nəfər, o cümlədən cari ildə 78 nəfər yüksək hazırlıqlı hüquqşünas bu qaydalarla seçilərək müxtəlif hakim vəzifələrinə təyin ediliblər. Hazırda hakim korpusunun 50 faizini, o cümlədən Bakı şəhərinin rayonları üzrə 80 faizini məhz bu hakimlər təşkil edir.
Qanunvericiliyə müvafiq olaraq yeni yaradılmış regional ağır və inzibati-iqtisadi məhkəmələrin 2011-ci ilin yanvarından fəaliyyətə başlamasının nəzərdə tutulması ilə əlaqədar bu sahədə görülmüş işlər Məhkəmə-Hüquq Şurasının iclasında müzakirə olunub.
Tədbirdə həmçinin qanunvericiliyin tələblərinin pozulması hallarına yol verdiklərinə görə 3 hakim barəsində intizam icraatları başlanılıb.