Azərbaycan, Bakı, 18 dekabr /Trend, müxbir M.Əliyev/
Misirin Ayn Şəms Universiteti Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədir. Bu barədə Yaxın Şərq Tədqiqatları və Gələcək Araşdırmalar Mərkəzinin direktoru, professor Camal Şaqra Azərbaycanın millət vəkili Qənirə Paşayeva ilə görüş zamanı bildirib.
Mərkəzin direktoru bu istiqamətdə yeni layihələrə başlamaq istədiklərini və nəzərdə tutduqları layihələrlə bağlı millət vəkilinə məlumat verib.
Görüşdə Camal Şaqranı Azərbaycanın ən yaxşı dostlarından biri adlandıran millət vəkili Azərbaycanın müxtəlif universitetləri və mərkəzləri ilə Mərkəzin fəaliyyətinin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
Qənirə Paşayeva universitetin bir qrup müəllimi və tələbələri ilə də görüşüb, Azərbaycanla bağlı məlumatlar verib. Millət vəkili görüşün sonunda Yaxın Şərq Tədqiqatları və Gələcək Araşdırmalar Mərkəzinin direktoru, professor Camal Şaqranı Azərbaycana dəvət edib, o isə Azərbaycana yenidən səfər etməkdən şad olacağını deyib.
Görüş zamanı millət vəkili professor Camal Şaqraya Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini bu gün də işğal altında saxlamaqda davam etməsi, 15 ildən artıqdır ki, 1 milyon azərbaycanlının öz yurd-yuvasına qayıda bilməməsi, Xocalı soyqırımı, Dağlıq Qarabağ münaqişəsi ətrafındakı bugünkü vəziyyət, Ermənistanın münaqişənin tənzimlənməsi istiqamətində, beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi istiqamətində heç bir addım atmaması və bölgədə gərgin olan vəziyyəti daha da gərginləşdirməsi ilə bağlı ətraflı məlumat verib.
Yaxın Şərq Tədqiqatları və Gələcək Araşdırmalar Mərkəzinin direktoru, professor Camal Şaqra öz növbəsində Ayn Şəms Universitetinin, o cümlədən Mərkəzin Azərbaycan həqiqətlərinin, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadığını bildirib. Bu baxımdan o xatırladıb ki, Xocalı faciəsinin 18-ci ildönümü ilə əlaqədar Azərbaycanın Misir Ərəb Respublikasındakı səfirliyinin və Mərkəzin birgə təşkilatçılığı ilə "Xocalı soyqırımı və dövlət terrorunun günahlandırılması" adlı elmi simpozium keçirilib.