...

Azərbaycanda "Media Akademiyası" layihəsinə yekun vurulub

Cəmiyyət Materials 22 Dekabr 2010 17:05 (UTC +04:00)
Layihənin yekunu olaraq təşkil olunmuş Məzun günündə Akademiyada təhsil almış 30 gəncə sertifikatlar təqdim olunub.
Azərbaycanda "Media Akademiyası" layihəsinə yekun vurulub

Azərbaycan, Bakı, 22 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın "İrəli" İctimai Birliyi "Media Akademiyası" layihəsinə yekun vurub.

Layihənin yekunu olaraq təşkil olunmuş Məzun günündə Akademiyada təhsil almış 30 gəncə sertifikatlar təqdim olunub.

Layihə bu il iyunun 21-də start götürüb və 5 ay ərzində davam edən alternativ jurnalistika-peşə kursu formatında fəaliyyət göstərib.

"İrəli" İB-nin rəhbəri, millət vəkili Ceyhun Osmanov bildirib ki, layihənin əsas məqsədi modern anlayışda yüksək dünyagörüşlü, savadlı, professional gənc jurnalistləri yetişdirib, onların milli mətbuat məkanında layiqincə təmsil edilmələrinə nail olmaq idi.

Azərbaycanda modern jurnalistikaya, modern jurnalist nəslinin yetişdirilməsinə ehtiyac olduğunu deyən Osmanov bildirib ki, akademiya bu ehtiyacın ödənilməsinə öz töhfəsini verir.

Akademiyada təhsil alan gənclər ölkənin irəlidə gedən xəbər agentlikləri, qəzetləri, radio və televiziyalarında iş təcrübəsi keçmək, jurnalistikanın bütün sirlərini sektorun tanınmış simalarından öyrənmək imkanı əldə ediblər.

Tədbirdə qeyd olunub ki, layihə gələcəyini mediada görən, karyerasını KİV-də qurmaq istəyən, jurnalistikaya meyl edib bunu keçici bir həvəs hesab etməyən, nəhəng media strukturunda "mən də varam" iddiası ilə professional jurnalist olmağa qərar verən gənclərin layihəsidir.

Tədbirdə çıxış edən millət vəkili Rəbiyyət Aslanova bildirib ki, akademiyada təhsil alan müxtəlif peşə sahiblərini birləşdirən ortaq məqsəd Azərbaycanın əldə etdiyi uğurları dünyaya çatdırmaq, ölkəmizi beynəlxalq aləmdə tanıtmaqdır.

Müsair Azərbaycanda yeni jurnalist nəslinin formalaşdığını deyən millət vəkili bildirib ki, bu nəsildən mövcud ənənələri qoruyub saxlamaq və sonrakı nəsllərə ötürmək tələb olunur.

Kursda yaşı 25-dən artıq olmayan müxtəlif peşə sahibləri, jurnalistika fakültəsi tələbələri və professional jurnalistika ilə məşğul olmaq istəyən digər fakültələrin tələbələri iştirak edib.

Xəbər lenti

Xəbər lenti