Azərbaycan, Bakı, 22 dekabr /Trend, müxbir M.Əliyev/
Azərbaycan idmançıları 2010-cu ildə 675 medal qazanıblar. Trend-in məlumatına görə, bunu çərşənbə günü ilin yekunlarına dair keçirilən tədbirdə gənclər və idman naziri Azad Rəhimov bildirib.
"Bu il Azərbaycan idmançıları 675 medal qazanıblar. Bu medallar həm ölkə daxili, həm də xarici ölkələrdə keçirilən yarışlarda əldə edilib", - Rəhimov deyib.
Nazirin sözlərinə görə, 2010-cu ildə Azərbaycanda 50-yə yaxın beynəlxalq idman yarışı keçirilib.
Rəhimov gələn ilin idmançılarımız üçün daha məsuliyyətli il olacağını deyib.
"Gələn il lisenziya ili olacaq. 2012-ci il London olimpiadasına vəsiqə qazanmaq üçün idmançılarımız daha çox çalışmalıdırlar", - nazir deyib.
Rəhimovun sözlərinə görə, gələn il Azərbaycanın Cəlilabad, Tovuz, İmişli, Qəbələ və Sumqayıt şəhər və rayonlarında olimpiya kompleksləri tikiləcək.
Azərbaycanda hazırda 28 milli olimpiya kompleksi fəaliyyət göstərir.