...

Azərbaycan Mətbuat Şurasının Apelyasiya qrupunun iclası keçirilib

Cəmiyyət Materials 24 Dekabr 2010 17:42 (UTC +04:00)
Qrupun rəhbəri, MŞ İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, Şuranın "qara siyahı"sında yer alan bir sıra qəzetlər bu ictimai qınağın üzərilərindən götürülməsi üçün Mətbuat Şurasına müraciətlər ünvanlayırlar.
Azərbaycan Mətbuat Şurasının Apelyasiya qrupunun iclası keçirilib

Azərbaycan, Bakı, 24 dekabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Mətbuat Şurasının Apelyasiya qrupunun iclası keçirilib. Qrupun rəhbəri, MŞ İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, Şuranın "qara siyahı"sında yer alan bir sıra qəzetlər bu ictimai qınağın üzərilərindən götürülməsi üçün Mətbuat Şurasına müraciətlər ünvanlayırlar.

O vurğulayıb ki, qrupun sonuncu toplantısı bu ilin iyul ayında olub və "Reket nəşrlərin müəyyənləşdirilməsinə dair Təlimat"a uyğun olaraq siyahıdakı 26 KİV-in adı "qara siyahı"dan çıxarılıb. Bu zaman milli mətbuatımızın 135 illik yubileyi ilə bağlı onların bağışlanılması prinsipi də əsas götürülüb.

Rəhimzadə hazırda 15-dək mətbu nəşrin yenidən MŞ-yə müraciət etdiyini nəzərə çatdırıb, qrup üzvlərindən məsələyə münasibət bildirmələrini xahiş edib.

Qrup üzvləri Mətbuat Şurasına daxil olan müraciətlərlə tanış olduqdan sonra növbəti iclasda müraciət edən KİV-lərin hər biri ilə fərdi söhbətlərin aparılması, həmin qəzetlərin "qara siyahı"dan çıxarılmasına nə kimi əsaslar olduğunun müəyyənləşdirilməsi barədə nəticəyə gəliblər.

Eyni zamanda qrupun rəyi hazırlanaraq Şuranın İdarə Heyətinə veriləcək.

MŞ-nin Apelyasiya qrupu bu ilin fevralında yaradılıb. Qrupun təşkilində məqsəd Mətbuat Şurasının "qara siyahı"sında yer alan KİV-lərin müraciətlərini müzakirə etmək və adlarının siyahıdan çıxarılması imkanlarını araşdırmaqdır.

Xəbər lenti

Xəbər lenti