...

Azərbaycanda valideyn-müəllim münasibətləri müzakirə edilib

Cəmiyyət Materials 27 Dekabr 2010 17:15 (UTC +04:00)
Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının (AMVMA) icraçı direktoru hesab edir ki, valideynlərin məktəblə əlaqəsinin zəif olması təlim-tərbiyə prosesinə mənfi təsir göstərir.
Azərbaycanda valideyn-müəllim münasibətləri müzakirə edilib

Azərbaycan, Bakı, 27 dekabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda valideyn-müəllim münasibətləri müzakirə edilib.

Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının (AMVMA) icraçı direktoru hesab edir ki, valideynlərin məktəblə əlaqəsinin zəif olması təlim-tərbiyə prosesinə mənfi təsir göstərir. Trend-in Təhsil Nazirliyinə istinadən verdiyi məlumata görə, bu barədə AMVMA-nın icraçı direktoru Təranə Şərifova qurumun idarə heyətinin üzvlərinin təhsil naziri ilə görüşü zamanı deyib.

Şərifova rəhbərlik etdiyi qurumun bir sıra təkliflərini Təhsil Nazirliyinin nəzərinə çatdırıb. O qeyd edib ki, şagirdlərin vahid məktəbli formasına üstünlük verməsi müsbət haldır.

Təhsil naziri Misir Mərdanov deyib ki, son 20 il ərzində Azərbaycanda təhsilin inkişafına dəstək olan təşkilatlar içərisində AMVMA xüsusi yer tutub.

"Təhsil ocaqlarında fəaliyyət göstərən valideyn-müəllim assosiasiyalarının sayı getdikcə artır və onların işi günbəgün yaxşılaşır", - nazir əlavə edib.

Mərdanov Bakıdakı 46 nömrəli orta məktəbdə Valideyn-Müəllim Assosiasiyasının uğurlu fəaliyyətindən söz açıb. Bu nailiyyətlərin qazanılmasında Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının icraçı direktoru Təranə Şərifovanın əməyini yüksək qiymətləndirib.

Misir Mərdanov Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının icraçı direktoru Təranə Şərifovanı 50 yaşının tamam olması münasibətilə təbrik edərək onun Təhsil Nazirliyinin "Fəxri diplom"u ilə təltif olunduğunu bildirib. Nazir daha sonra Valideyn-Müəllim Assosiasiyasının işinin təşkilinə və məktəb-valideyn əlaqələrinin qurulması sahəsindəki səmərəli fəaliyyətinə görə bir qrup təhsil işçisinə "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanı və Təhsil Nazirliyinin Fəxri fərmanını təqdim edib, AMVMA-nın işinə uğurlar arzulayıb.

Xəbər lenti

Xəbər lenti