...

Qadınlar hələ də diskriminasiya və zorakılığa məruz qalırlar - BMT-nin baş katibi

Cəmiyyət Materials 7 Mart 2011 14:17 (UTC +04:00)
Qadınlar və qızlar hələ də bir çox hallarda ən məhrəm yoldaşları və ya qohumları tərəfindən qəbuledilməz diskriminasiya və zorakılığa məruz qalırlar.
Qadınlar hələ də diskriminasiya və zorakılığa məruz qalırlar - BMT-nin baş katibi

Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir K.Zərbalıyeva/

Qadınlar və qızlar hələ də bir çox hallarda ən məhrəm yoldaşları və ya qohumları tərəfindən qəbuledilməz diskriminasiya və zorakılığa məruz qalırlar. Trend-in məlumatına görə, bunu BMT-nin baş katibi Pan Gi Mun Beynəlxalq Qadınlar Günü münasibətilə dünya ictimaiyyətinə müraciətində bildirib.

Baş katib vurğulayıb ki, dünya ilk dəfə Beynəlxalq Qadınlar Gününü qeyd edərkən gender bərabərliyi və qadınlara geniş səlahiyyət verilməsi olduqca radikal ideyalar hesab olunurdu. Bununla belə, bir çox ölkələrdə və cəmiyyətlərdə qadınlar hələ də "ikinci növ" vətəndaş hesab edilirlər.

"Qadın və kişilərin təhsil səviyyələri arasında uçurumun getdikcə aradan qalxmasına baxmayaraq, ölkədaxili və ölkələrarası böyük fərqlər mövcuddur. Hələ də çoxlu sayda qız məktəbə getməkdən məhrum edilir, təhsilini yarımçıq qoyur, yaxud məktəbi bitirərkən çox az bacarıq və ondan da az imkanlara sahib olur. Evdə və məktəbdə, iş yerində və icmada qadın olmaq çox vaxt müdafiəsiz olmaq mənasına gəlir. Bir çox münaqişə zonalarında isə qadınları və bütünlükdə icmaları qorxutmaq üçün qəsdən və sistemli şəkildə cinsi zorakılıqdan istifadə edilir", - müraciətdə deyilir.

Pan Gi Mun qeyd edib ki, qərar qəbuletmə sahəsində getdikcə daha çox ölkədə daha çox sayda qadın parlamentdə öz layiqli yerini tutur.

"Bununla belə, ölkələrin 10 faizdən də azında hökumət və ya dövlət başçısı qadındır. Hətta qadınların siyasət sahəsində aktiv olduqları ölkələrdə belə, onlar biznes və sənayenin ən yüksək təbəqələri də daxil olmaqla, digər qərar qəbuletmə sahələrində lazımından çox az təmsil olunurlar", - baş katib deyib.

Xəbər lenti

Xəbər lenti