...

Azərbaycanda "Mətbuat Şurası haqqında" qanunun qəbul olunmasına ehtiyac var - millət vəkili

Cəmiyyət Materials 29 Aprel 2011 14:18 (UTC +04:00)
Azərbaycanda "Mətbuat Şurası haqqında" qanunun qəbul olunmasına ehtiyac var. Bunu cümə günü Trend-ə Mətbuat Şurasının idarə heyətinin üzvü, millət vəkili Bəxtiyar Sadıqov bildirib.
Azərbaycanda "Mətbuat Şurası haqqında" qanunun qəbul olunmasına ehtiyac var - millət vəkili

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda "Mətbuat Şurası haqqında" qanunun qəbul olunmasına ehtiyac var. Bunu cümə günü Trend-ə Mətbuat Şurasının idarə heyətinin üzvü, millət vəkili Bəxtiyar Sadıqov bildirib.

"Belə bir qanun qəbul olunarsa, Mətbuat Şurasının fəaliyyəti daha da optimallaşar, eyni zamanda, "reket" jurnalistikaya qarşı mübarizə daha da effektli olar", - Sadıqov deyib.

Sadıqov qeyd edib ki, dünya təcrübəsində Mətbuat Şurası haqqında qanunlar mövcuddur və Azərbaycanda bu sənəd hazırlanarkən beynəlxalq təcrübəyə əsaslanmaq olar.

"Mətbuat Şurası ictimaiyyətdən gələn çoxsaylı və təkidli sifarişlər əsasında "reket" qəzetçiliyə qarşı mübarizə ilə məşğul olub və bununla bağlı özünün müvafiq sənədlərini qəbul edib. Bunların bir qismi qurultayda təsdiq olunub, bir qismi isə Mətbuat Şurasının idarə heyətinin yığıncaqlarında səsvermə yolu ilə qəbul edilib. Bu iş effektli şəkildə davam etdirilir. Mətbuat Şurasının "Qara silahısı" yaradılıb və "reket"liklə məşğul olan qəzetlərin adları həmin siyahıya salınır. Ancaq təcrübə onu göstərir ki, adı "Qara siyahı"ya düşmüş qəzetlərin bir çoxu öz bəd əməllərindən çəkinmirlər. Bu, həm ictimaiyyətin narazılığına səbəb olur, həm də Mətbuat Şurasının nüfuzuna xələl gətirir", - Sadıqov əlavə edib.

Onun sözlərinə görə, "Mətbuat Şurası haqqında" qanun qəbul edilsə, Şuranın əlində daha təsirli vasitələr olar.

"Biz istəmirik ki, MŞ-yə qəzetlərin fəaliyyətinin dayandırılması ilə bağlı səlahiyyət verilsin. Heç olmasa, Şuraya "reket" qəzetlərin fəaliyyətinin dayandırılması ilə bağlı müvafiq qurumlara müraciət etmək səlahiyyəti verilsin. Bu, daha təsirli olar. Eyni zamanda, qəzetin fəaliyyətinin məhkəmə qərarı ilə dayandırılması daha məqsədəuyğundur. Bütövlükdə MŞ haqqında qanunun hazırlanması, onun fəaliyyətinin qanunla nizamlanması həm Şuranın sözünün kəsərini artırar, həm fəaliyyətinin səmərəsini yüksəldər, bütövlükdə isə "reket" jurnalistikaya qarşı mübarizəni daha da effektli edər. Ona görə də, MŞ haqqında qanunun qəbul olunmasının tərəfdarıyam", - o vurğulayıb.

Sadıqov deyib ki, Azərbaycanda tezliklə "reket" jurnalistikanın fəaliyyətinə son qoyulmalıdır.

"Əslində bu hal Azərbaycanda söz və mətbuat azadlığının inkişafına və mətbuatın nüfuzuna çox ciddi zərbədir", - millət vəkili bildirib.

Xəbər lenti

Xəbər lenti