...

Azərbaycan Mətbuat Şurasının nəzdində yeni qurum yaradılacaq

Cəmiyyət Materials 3 May 2011 15:35 (UTC +04:00)
Azərbaycanda internet xəbər portallarının jurnalist etikasına nə dərəcədə əməl etmələrinə nəzarət etmək üçün Mətbuat Şurasının (MŞ) nəzdində Məşvərət Şurası yaradılacaq.
Azərbaycan Mətbuat Şurasının nəzdində yeni qurum yaradılacaq

Azərbaycan, Bakı, 3 may /Trend, müxbi T.Hacıyev/

Azərbaycanda internet xəbər portallarının jurnalist etikasına nə dərəcədə əməl etmələrinə nəzarət etmək üçün Mətbuat Şurasının (MŞ) nəzdində Məşvərət Şurası yaradılacaq. Bu barədə çərşənbə axşamı Trend-ə Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

Onun sözlərinə görə, təcrübəli xəbər portallarının rəhbərləri həmin şuraya üzv seçiləcək. Amaşov onu da bildirib ki, dünyanın digər ölkələrində də belə təcrübə mövcuddur.

"Dünyanın heç bir yerində internet portallara dövlət tərəfindən nəzarət həyata keçirilmir, ancaq dünyanın hər yerində xəbər portallarında gedən yazıların keyfiyyətinə, jurnalist etikasına uyğun olub-olmamasına müxtəlif ictimai qurumlar tərəfindən nəzarət edilir. Bəzi yerlərdə internet portalların özləri belə bir ictimai qurum yaradırlar və o qurum vasitəsilə həmin nəzarəti həyata keçirirlər. Digər yerlərdə bu missiyanı jurnalist təşkilatları həyata keçirir", - Amaşov əlavə edib.

MŞ sədri qeyd edib ki, Mətbuat Şurası xəbər portalları ilə bağlı qərar qəbul edərkən Məşvərət Şurasının qərarlarını əsas götürəcək. Onun sözlərinə görə, internet portallar haqqında qəbul olunan qərarlar da qəzetlərlə bağlı olduğu kimi ictimai qınağa əsaslanacaq və orada heç bir inzibati cəza tətbiq olunmayacaq.

"İctimai qınağa əsaslanan qərarlar daha təsirli olur. KİV-lər də bunu anlayırlar və çalışırlar ki, etik normaları pozmasınlar. İnternet xəbər portallarında hələlik etik normaların mütəmadi olaraq pozulması ilə bağlı təcrübə ilə üzləşməmişik", - o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti