...

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə yeni layihəyə start verilib

Cəmiyyət Materials 10 May 2011 13:40 (UTC +04:00)
Bu ilin aprel ayından Azərbaycan Gənclər İttifaqı növbəti layihəsinin icrasına başlayıb.
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə yeni layihəyə start verilib

Azərbaycan, Bakı, 10 may /Trend/

Bu ilin aprel ayından Azərbaycan Gənclər İttifaqı növbəti layihəsinin icrasına başlayıb. Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən "Regionlardakı gənclər arasında könüllülərin hazırlanması və könüllü hərəkatının təbliği" adlı layihə Mingəçevir və Lənkəran şəhərlərini əhatə edəcək. Bu barədə çərşənbə axşamı Trend-ə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bu şəhərlərin müxtəlif univeristet, kollec və məktəblərində təhsil alan tələbə və yuxarı sinif şagirdləri üçün könüllülərin hazırlanması üzrə kurslara dinləyici seçiminin ilkin mərhələsi həyata keçirilib.

Formalaşmış qruplarda könüllülüklə əlaqədar kurslar keçiriləcək. Kurslarda "Könüllülük nədir?", "Dünya praktikasında könüllülük", "Nə üçün insanlar könüllü olmaq istəyirlər?", "Könüllülüyün cəmiyyətə töhfəsi", "Necə könüllü olmaq olar?", "Könüllülüyün gələcək karyerada uğuru" kimi mözvulara toxunulacaq. Nəzəri hissədən əlavə, seçilən dinləyicilər üçün praktiki hissə də nəzərdə tutulub. Bu zaman onlar öz şəhərlərində bir sıra təşkilatlara gedəcək, orada işlərlə tanış olmaq və gələcəkdə könüllü kimi fəaliyyət göstərmək imkanı əldə edəcəklər. Belə ekskursların əsas məqsədi təkcə yeniyetmə və gəncləri təşkilatların işi ilə deyil, həmçinin təşkilatları layihəyə cəlb olunanlar və könüllü kimi çalışmaq istəyənlərlə tanış etməkdir.

Qruplar öz şagird və tələbə yoldaşları, həmçinin icmalardakı həmyaşıdlarını da cəlb etməklə "Az danışaq, çox ağac əkək!" devizi altında ağacəkmə aksiyası keçirəcəklər. Həmçinin vətəndaşları yaşadıqları məhəllənin, küçənin, oxuduqları təhsil ocaqlarının, doğma şəhərlərinin təmiz saxlanmasına səsləyəcək "Şəhərimizi təmiz saxlayaq - o bizim simamızdır!" devizi altında təmizlik aksiyalarına cəlb edəcəklər.

Burada onlar könüllü kimi fəaliyyətlərini təcrübədən keçirməklə, həm də, yaşadıqları şəhərə real ekoloji kömək göstərəcəklər.

Layihənin məqsədi Mingəçevir və Lənkəran şəhərlərinin yeniyetmə və gəncləri arasında könüllülərin hazırlanması üzrə biliklərin və bacarıqların verilməsi, həmçinin bu bölgələrdə könüllük hərəkatının təbliğidir.

Layihənin qarşıya qoyduğu vəzifələr qeyd edilən şəhərlərdəki universitet, kollec və məktəblərdə könüllülük hərəkatı barədə geniş məlumatların yayılması, universitet, kollec və məktəblərdəki tələbələr və yuxarı sinif şagirdləri arasından könüllülər qruplarının formalaşdırılması, formalaşmış könüllülər qruplarının könüllülük aksiyaları təşkil etməsi, həmin qrupların yerli təşkilatlardakı fəaliyyətlə tanışlığı və onların işlərinə cəlb edilməsindən ibarətdir.

Layihə iyul ayında yekunlaşacaq.

Xəbər lenti

Xəbər lenti