Gürcüstan, Tbilisi, 10 may /Trend, müxbir N.Kirsxaliya/
Gürcüstan Futbol Federasiyasının (GFF) İcraiyyə Komitəsi razılaşdırılmış oyunlarda iştirakda təqsirləndirilən 5 gürcü futbolçunu ömürlük diskvalifikasiya edib.
Trend-in məlumatına görə, bu qərarın lehinə İcraiyyə Komitəsinin 9 üzvü səs verib, səkkizi isə 5 illik müddətə diskvalifikasiyaya tərəfdar çıxıb. Bu barədə görüşdən sonra GFF-nin prezidenti Zviad Siçinava deyib.
Ömürlük diskvalifikasiyanı Qiqi Beçvaya (Tbilisi, "Vit Corcia"), Roin Oniani və Levan Vartaqava (Zuqdidi, "Bayya"), eləcə də Spartak Qoqia və Kaxaber Kirtadze (Samtredia, "Samtredia") alıblar.
Ötən həftə Gürcüstanda həmin futbolçuların qeyri-qanuni totalizator sahibləri ilə sövdələşmədə təqsirləndirilmələri barədə qalmaqal yaranıb. Onlar oyun zamanı müxtəlif fırıldaqlar barədə razılaşıblar. Beş futbolçunun hamısı istintaq altındadır.
Siçinavanın sözlərinə görə, prokurorluğun araşdırması zamanı futbol saxtakarlığı ilə bağlı yeni faktlar aşkarlanarsa, hamı GFF-nin nizamnaməsinə uyğun cavab verəcək.