Azərbaycan, Bakı, 23 may /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanda korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə görə təkcə son aylar ərzində 2 hakimin səlahiyyətinə vaxtından əvvəl xitam verilib. Bu barədə Trend-ə bazar ertəsi Məhkəmə-Hüquq Şurasından (MHŞ) məlumat verilib.
Bildirilib ki, korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə görə 7 hakim barədə intizam icraatları başlanılıb.
Məhkəmə-Hüquq Şurasının ədliyyə naziri, Şuranın sədri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasında MHŞ-nin Korrupsiyaya qarşı mübarizə sektorunun məlumatı dinlənilib.
İclasda həmçinin, vətəndaşlardan Məhkəmə-Hüquq Şurasına daxil olan müraciətlər təhlil edilib, əsas narazılıq doğuran hallar və onların aradan qaldırılması üzrə əlavə tədbirlər müzakirə olunub.
İclasda qanunvericiliyin tələblərinin pozulmasına yol verdiklərinə görə 1 hakimin intizam məsuliyyətinə cəlb edilməsi, 1 nəfərin barəsində isə intizam icraatının başlanılması qərara alınıb.