Azərbaycan, Bakı, 27 may /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanda son bir ayda 70 məhkum vaxtından əvvəl azadlığa buraxılıb. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mədət Quliyev bildirib. Onun sözlərinə görə, proses tam şəffaf həyata keçirilib.
Quliyev qeyd edib ki, məhkumlar vaxtından əvvəl azadlığa buraxılmaq üçün hüquqi əsasları bilməlidirlər.
Xidmət rəisi deyib ki, cəzaçəkmə müəssisəsinin daxili intizam qaydalarına tabe olan, özünü nümunəvi aparan məhkumlar barədə müsbət rəy verilərək, onların vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı məhkəmələrə müraciət edilir.
Penitensiar sistemdə korrupsiya ilə mübarizə məqsədilə intensiv əməliyyat tədbirlərinin həyata keçirildiyini deyən nazir müavini qeyd edib ki, korrupsiyaya meyilli əməkdaşlar barədə və eləcə də korrupsiya faktları ilə bağlı ciddi araşdırmalar aparılır.
Quliyev əməliyyat tədbirləri başa çatmadığı üçün korrupsiya faktları ilə bağlı məlumat verməyib.